ABŞ-ın Moderna biotexnologiya şirkəti bəzi xərçəng növlərinin qarşısını almağa kömək edə biləcək yeni hazırlanmış peyvəndin klinik sınaqlarına başlamağa hazırlaşır.
Bu barədə şirkətin yaydığı məlumatda bildirilib.
Söhbət irsi xərçəng riskini əhəmiyyətli dərəcədə artıran Linç sindromundan əziyyət çəkən şəxslər üçün hazırlanmış mRNA-4194 preparatından gedir. Peyvənd xüsusilə bağırsaq xərçəngi və digər bəzi şiş növlərinin yaranma riskini azaltmaq məqsədi daşıyır.
Məlumata görə, klinik sınaqların keçirilməsinə icazəni Böyük Britaniyanın “Medicines and Healthcare products Regulatory Agency” (MHRA) verib. İlk pasiyentin bu yay peyvənd olunması planlaşdırılır.
Şirkətdən bildirilib ki, yeni preparat artıq yaranmış xərçəngin müalicəsi üçün deyil, yüksək risk qrupuna daxil olan insanlarda xəstəliyin qarşısının alınması məqsədilə hazırlanıb.
Moderna qeyd edib ki, sınaqlar uğurla nəticələnərsə, mRNT texnologiyası gələcəkdə onkoloji xəstəliklərin profilaktikasında geniş istifadə oluna bilər.
Mənbə: bizim.media