“Pedalı bas, çağırış var” – TƏBİB-in yeni təcili yardım modelinə şübhə ilə yanaşılır

“Pedalı bas, çağırış var” – TƏBİB-in yeni təcili yardım modelinə şübhə ilə yanaşılır

TƏBİB Azərbaycanda ilk dəfə “Ambucycle” (motosikletli təcili yardım) modelinin tətbiqinə başlayır.

Məqsəd pik saatlarda və nəqliyyatın sıx olduğu ərazilərdə təcili tibbi yardımın operativliyini artırmaqdır.

“Yeni Sabah”ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, həmin proses çağrı mərkəzində tətbiq olunan tibbi triaj və hadisələrin çeşidlənməsi alqoritmləri əsasında həyata keçiriləcək və “103” xidmətinə daxil olan hər bir çağırışı dispetçer hadisənin xarakterinə, təcililik səviyyəsinə və məkan xüsusiyyətlərinə uyğun olaraq qiymətləndiriləcək:

“Həmin model, əsasən, nəqliyyat sıxlığının yüksək olduğu ərazilərdə, xüsusilə yol-nəqliyyat hadisələrinə operativ şəkildə çatmaq üçün nəzərdə tutulub. “Ambucyсle” ənənəvi təcili yardım avtomobilini əvəz etmir, onu tamamlayır. Məqsəd ilkin tibbi yardımı mümkün qədər qısa müddətdə göstərmək və zərurət olduqda, paralel olaraq təcili tibbi yardım avtomobilinin hadisə yerinə cəlbini koordinasiya etməkdir. Beləliklə, tamtəchizatlı təcili tibbi yardım avtomobili hadisə yerinə çatan qədər “Ambucycle” ilk dəqiqələrdən maksimum səmərəli istifadə edərək ilkin tibbi yardımı göstərəcək”.

Həkim Rasif Bağırovun fikrincə, bu təcrübənin hansı ölkələrdə tətbiq olunduğunu və həmin ölkələrdə hansı şəraitdə istifadə edildiyini öyrənmək zəruridir.

O, “Yeni Sabah”a bildirib: “Mənə elə gəlir ki, bu istiqamətdə kifayət qədər araşdırma aparılmayıb. Çünki hər bir ölkənin özünəməxsus səhiyyə sistemi, yol infrastrukturu və təcili yardım xidmətinin təşkili var.

Ona görə də əvvəlcə araşdırılmalıdır ki, həmin model bizim ölkədə tətbiq oluna bilər, ya yox.

İkincisi, bu sistemin səmərəliliyi hesablanmalıdır”.

R.Bağırov vurğulayıb ki, “Ambucyclein” tətbiqindən sonra təcili tibbi yardım xidmətinin ümumi faydalı iş əmsalının nə qədər artdığı qiymətləndirilməlidir:

“Əgər əvvəlki sistemlə müqayisədə əhəmiyyətli üstünlük varsa, əlbəttə, tətbiq etmək olar. Amma belə bir üstünlük yoxdursa, bunun nə dərəcədə məqsədəuyğun olduğu sual doğurur. Məsələn, təcili yardıma edilən çağırışların bir hissəsində vəziyyət əslində düşündüyümüz qədər ağır olmur.

Tutaq ki, cavan bir oğlan əsəbi gərginlik səbəbindən ürəyində sancı hiss edir. Evdəkilər təşvişə düşərək təcili yardım çağırır, “ürəyi tutub, tez gəlin” deyirlər. Bu zaman xidmət əməkdaşları elə hesab edirlər ki, ağır ürək xəstəsi var və kardioloji briqada göndərirlər. Halbuki hadisə yerinə çatdıqda məlum olur ki, ciddi ürək patologiyası yoxdur, sadəcə əsəb gərginliyi səbəbindən yüngül narahatlıq yaşanıb.

Belə hallarda “Ambucycle” müəyyən rol oynaya bilər. Daha az xərc sərf etməklə hadisə yerinə gedər, vəziyyəti qiymətləndirər və əgər ciddi problem olmadığını müəyyən etsə, bu barədə məlumat verər. Lakin əgər xəstədə həqiqətən infarkt və ya başqa ağır ürək patologiyası olarsa, bu zaman vaxt itkisi yaranacaq. Çünki “Ambucycle” hadisə yerinə çatacaq, vəziyyəti qiymətləndirəcək, sonra isə yenidən tam təchizatlı briqada çağırılacaq”.

Həkim qeyd edib ki, motosikletlə gedən tibb işçisinin imkanları məhduddur:

“Məsələn, infarkt diaqnozunun qoyulması üçün elektrokardioqram (EKQ) aparatı lazımdır. Belə avadanlığın motosikletdə daşınması və tam şəkildə istifadəsi hər zaman mümkün olmaya bilər. Digər tərəfdən, feldşer nə qədər peşəkar olsa da, həkimin göstərə biləcəyi səviyyədə tibbi yardım göstərə bilməyəcək. Nəticədə yenə də əlavə briqadanın gəlməsi lazım olacaq. Bu isə həm əlavə xərc, həm də vaxt itkisi deməkdir. Təcili tibbi yardım xidmətinin əsas prinsipi xəstəyə vaxtında və keyfiyyətli yardım göstərməkdir.

Məncə, bu model müəyyən hallarda həmin prinsipə tam cavab verməyə bilər. Çünki operatora zəng edən insanlar da vəziyyəti həmişə düzgün və dəqiq izah edə bilmirlər. Operator da bu məlumat əsasında qərar verməlidir ki, hadisə yerinə ambusikl göndərilsin, yoxsa tam həkim briqadası. Bundan başqa, hər ölkənin yol şəraiti fərqlidir. Haradasa tıxac çoxdur, haradasa azdır, yolların eni və hərəkət şəraiti də müxtəlifdir”.

R.Bağırov bildirib ki, ola bilsin “Ambucycle” tıxacdan daha rahat keçsin, amma elə vəziyyət də yarana bilər ki, o da digər nəqliyyat vasitələri kimi tıxacda qalsın:

“Bu sistem tətbiq olunduqdan sonra hətta onu istifadə edən xarici ölkələrdə də müəyyən müddətdən sonra yenidən qiymətləndirmə aparılacaq. Ola bilər ki, nəticədə belə qənaətə gəlsinlər ki, sistem gözlənilən qədər səmərəli deyil, xərcləri çoxdur və ya faydası gözlənildiyi qədər yüksək deyil. Ona görə də düşünürəm ki, hər hansı ölkədə tətbiq olunması bu modelin avtomatik olaraq bizim ölkə üçün də uyğun olması demək deyil. Xarici təcrübə nümunə kimi göstərilə bilər, amma əsas məsələ onun real şəraitdə xəstələrə nə qədər fayda verməsidir. Mən şəxsən bu baxımdan onun böyük üstünlük yaradacağına tam əmin deyiləm”.

Mənbə: konkret.az