Ekspert deyir ki, koronavirus ayrı-ayrı ştammlar şəklində mutasiyaya uğramaqda davam edəcək
COVİD-19 pandemiyasının başa çatmasından bir neçə il keçsə də, koronavirus tamamilə yox olmayıb. Virus mutasiyaya uğramaqda davam edir, yeni ştammlar meydana çıxır, ayrı-ayrı ölkələrdə yoluxma hallarının artması müşahidə olunur. Payız-qış mövsümünün yaxınlaşması ilə COVİD-19-un yenidən aktivləşməsi ehtimalı beynəlxalq səhiyyə qurumlarının diqqət mərkəzindədir.
Azərbaycanda da koronavirusa yoluxma halları gündəmə gəlib. Xəbər verildiyi kimi, müdafiə naziri Zakir Həsənov da COVİD-19-a yoluxduğu üçün Şuşada keçirilən tədbirdə iştirak edə bilməyib.
Hazırda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir neçə koronavirus variantını, o cümlədən XFG, JN.1, NB.1.8.1, PQ.16.1.1 və BA.3.2 ştammlarını izləyir. XFG variantı 2026-cı ilin sentyabr-oktyabr aylarında təqdim edilmiş genetik nümunələr arasında üstünlük təşkil edib.
ÜST-nin qiymətləndirməsinə görə, izlənilən yeni variantların hazırda dövriyyədə olan digər ştammlarla müqayisədə əlavə ictimai səhiyyə riski yaratdığını göstərən sübut yoxdur. Bununla belə, virusun dövri şəkildə aktivləşməsi bir sıra amillərlə əlaqələndirilir. Əhali arasında zamanla immun müdafiənin zəifləməsi, virusun mutasiyaları, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və mövsümi amillər yoluxmaların artmasına şərait yarada bilər.
Bəs qarşıdakı aylarda COVİD-19 təhlükəsi arta bilərmi? Yeni ştammlar pandemiya dövründəki kimi ciddi fəsadlara səbəb ola bilərmi? Yenidən vaksinasiya zərurəti yarana bilərmi?
Zülfüqar Yusifov
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, infeksiyaların yayılma miqyası və xarakteri müxtəlif olur. Onun sözlərinə görə, bəzi infeksiyalar ayrı-ayrı hallarda müşahidə edilir, bəziləri müəyyən ərazilərdə endemik xarakter daşıyır, daha geniş yayıldıqda epidemiyaya, qlobal miqyas aldıqda isə pandemiyaya çevrilir.
Həkim qeyd edib ki, virus infeksiyaları tarix boyu mövcud olub və koronavirus da bu baxımdan istisna deyil: “Viruslar zaman-zaman olub. Koronavirusun özü olmasa belə, ona bənzər virus infeksiyaları, hətta daha şiddətli xəstəliklər də mövcud olub. Burada əsas məsələ virusların nə dərəcədə yayılması, ştammların xüsusiyyətləri, onların müalicəsinə nə qədər hazır olmağımız, orqanizmin immun sisteminin vəziyyəti və yoluxma üçün əlverişli şəraitin yaranmasıdır”.
Z.Yusifovun sözlərinə görə, koronavirusun mutasiyaya uğraması və müxtəlif ştammlar şəklində dövriyyədə qalması gözlənilən prosesdir. Bu səbəbdən ayrı-ayrı dövrlərdə yoluxma hallarının qeydə alınması təəccüblü deyil.
Müsahibimiz hesab edir ki, cəmiyyətdə koronavirusa münasibətdə yaranan narahatlığın əsas səbəbi pandemiya dövründə yaşanan ağır təcrübədir: “Hazırda koronavirus ayrı-ayrı ştammlar şəklində mutasiyaya uğramaqda davam edir və böyük ehtimalla bu proses gələcəkdə də davam edəcək. Müxtəlif dövrlərdə yoluxma hallarının şahidi olacağıq. Digər qrip viruslarının adını eşidəndə, onlara yoluxma halları barədə məlumat alanda bu, bizi o qədər də narahat etmir. Amma koronavirusla insanlıq elə bir faciə yaşadı ki, bu gün kiminsə COVİD-19-a yoluxduğunu eşidəndə həmin günlər, pandemiyanın fəsadları istər-istəməz yadımıza düşür və müəyyən qorxu yaranır”.
Baş həkim hazırkı vəziyyətin ciddi narahatlıq doğuracaq səviyyədə olmadığını düşünür. Bununla belə, mövsümi amillərin və əlverişsiz hava şəraitinin virus infeksiyalarının aktivləşməsinə təsir göstərə biləcəyini vurğulayır.
Z.Yusifov vətəndaşlara gündəlik profilaktik tədbirləri unutmamağı tövsiyə edib. Onun sözlərinə görə, sağlam həyat tərzi, fiziki aktivlik və düzgün qidalanma orqanizmin ümumi müqavimətinin qorunmasında mühüm rol oynayır. Vitamin preparatlarından isə yalnız həkim məsləhəti ilə istifadə olunmalıdır.
Həkim xüsusilə yoluxma əlamətləri müşahidə olunan şəxslərlə təmas zamanı ehtiyatlı olmağın vacibliyini qeyd edib: “Ətrafımızda temperaturu olan, öskürən və ya asqıran şəxslər varsa, onlarla məsafə saxlamaq, dezinfeksiya tədbirlərinə əməl etmək və zərurət yarandıqda maskadan istifadə etmək lazımdır. Bu qaydalara riayət etməklə yoluxma riskini azaltmaq mümkündür”.
Həkim yaxın gələcəkdə koronavirusla bağlı yenidən pandemiya səviyyəsində təhlükənin yaranacağını gözləmədiyini bildirib. O hesab edir ki, həm dünya, həm də Azərbaycan səhiyyə sistemi pandemiya dövründən mühüm təcrübə qazanıb: “Bu gün koronavirusla bağlı kifayət qədər ciddi təcrübəmiz var. Həm dünya, həm də ölkəmizin səhiyyə sistemi və ayrı-ayrı insanlar pandemiya dövründə baş verənlərdən müəyyən nəticələr çıxarıblar. Ciddi hazırlıq və təcrübə mövcuddur. Düşünürəm ki, həmin vəziyyətin yenidən yaşanması ehtimalı böyük deyil”.
Mənbə: musavat.com