Qızılca ilə səpgili xəstəliyi ayırmağın yolları - Peyvəndə bağlı suallara CAVAB

Qızılca ilə səpgili xəstəliyi ayırmağın yolları - Peyvəndə bağlı suallara CAVAB

Son zamanlar dünyada və ölkəmizdə qızılca xəstəliyinin yenidən alovlanması valideynlər arasında narahatlıq yaradıb.

Ölkə.Az xəbər verir ki, bəzi hallarda bu xəstəlik əlamətlərinə görə skarlatina ilə səhv salınır.

Pediatr Aytən İsmayılzadə skarlatina və qızılcanı fərqləndirməyin yollarından danışıb.

O, həmçinin qızılca peyvəndi ilə bağlı valideynləri maraqlandıran suallara aydınlıq gətirib.

- Qızılca xəstəliyini keçirən uşaq sonradan yenə peyvənd olunmalıdırmı? Məsələn, uşağın üç yaşı var, qızılcaya yoluxub. 6 yaşında peyvənd etdirilsinmi?

- Qızılca xəstəliyinə keçirildikdən sonra ömürlük immunitet yaranır. Yəni peyvənd etdirməyə bilərsiniz. Lakin bu peyvəndin təkcə qızılcaya deyil, həm də məxmərək və parotitə qarşı immun cavab hazırladığını nəzərə almalıyıq. Yəni uşaq qızılca olmayacaq, amma məxmərək və parotit ola biləcək. Ona görə də peyvənd olunsun.

- Xəstəliyi keçirmiş birinə həmin xəstəliyin peyvəndi olunarsa, yaxud səhvən ikinci dəfə eyni peyvənd kiməsə olarsa, bunun fəsadı varmı?

- Xeyr, heç bir fəsadı yoxdur. Əgər uşağınızın peyvəndi haqda dəqiq məlumatınız yoxdursa, xatırlamırsızsa və ya qeydiyyatda səhvlik olubsa, yenidən etdirə bilərsiniz.

- Əgər uşaq vaxtı peyvənd olunmuşamsa və indi bir böyük olaraq uşaqlara xəstəlik ötürücüsü ola bilərəmmi?

- Uşaq vaxtı olunan peyvənd sizi ömürlük qoruyur. Həmin peyvəndin davamlılığını analiz verməklə yoxlaya bilərsiniz. “Anti-Measles İgG” testi verməklə qanda qızılcaya qarşı immunitetin necə vəziyyətdə olduğunu öyrənmək mümkündür. Özüm bu günlərdə yoxladım və nəticə qənaətbəxş oldu.

- Uşaqda səpkilər, hərarət var. Biri qızılca, digəri “skarlatina” deyir. Necə fərqləndirək?

- Qızılcada uşaq çox halsız olur, skarlatinada isə yox. Qızılcada öskürək olur, digərində boğaz ağrısı. Qızılcada səpkilər üzdən başlayır, skarlatinada yanaqlar qızarır. Qızılcada yumşaq damaqda tək-tək qansızma kimi səpkilər olur, skarlatinada isə boğaz sanki yanır. Qızıcada gözlər, ikincidə dil qırmızı olur. Qızılcada səpkilər getdikcə qəhvəyiləşir, skarlatinada isə olmamış kimi keçir. Birincidə dəri fonu çəhrayı olur, skarlatinada isə səpkilər ağ dəri fonunda yaranır.
Skarlatina mikrob xəstəliyidir. Dəqiq diaqnoz üçün evə laborator xidmət çağırıb boğazdan yaxma ilə Strep A Antigen - testini verə bilərsiniz.

Billurə Yunus

Mənbə: olke.az