Azərbaycanlı həkimlərin xaricə köçü səhiyyə sahəsinə rəhbərlik edən şəxsləri ciddi düşündürməli, belə halların qarşısını almaq üçün operativ tədbirlər görülməlidir. Təkcə 1400 həkimin Azərbaycanı tərk edərək, Almaniyaya köçməsi həyəcan təbili çalmağa əsas verir. Digər ölkələrə üz tutan həkimlərimizin də sayı az deyil. Lakin onların rəsmi statistikası hələlik bizə məlum deyil.
Görünən odur ki, Azərbaycanda hansısa problemlər tibbi mütəxəssislərinin ölkəni tərk etməsinə səbəb olur.
Tanınmış həkim, professor Adil Qeybulla Modern.az-a açıqlamasında bildirib ki, ölkədən xaricə, xüsusilə Almaniyaya gedən həkimlərin əksəriyyəti gənc mütəxəssisləridir.
“Xaricə daha çox təcrübə keçmək, konkret bir ixtisasa yiyələnmək üçün gedirlər. Almaniya bu gün daha əlçatan ölkədir, inteqrasiya etmək və orada təcrübə keçmək digər ölkələrə nisbətən rahatdır. Xaricə getməyin müsbət tərəfləri də var, çünki mütəxəssislərin bir hissəsi sonradan Azərbaycana qayıdır”, - o deyib.
Professorun fikrincə, xaricə axının qarşısını almaq üçün beynəlxalq standartlara uyğun əmək haqlarının təmini, münasibətlər sisteminin qurulması vacibdir:
“Gələcəkdə təcrübəli həkimlərin axınının qarşısını almaq üçün hansısa formada onların stimulasiyası lazımdır. Həkimlərin maaşları elə də yüksək deyil. Şərait dəyişməlidir, münasibət dəyişməlidir. Bəzi məsələri aradan qaldırmaq lazımdır, məsələn, sertifikasiya imtahanını qeyd edək. Həkimlərə tətbiq olunan sertifikasiya imtahanı ümumiyyətlə biabırçılıqdır. Dünyanın heç bir yerində belə şey yoxdur. Burada normal şərait olsa, kim Vətəndən qaçar?”
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva isə Almaniyaya gedən həkimlərin bir müddət sonra Azərbaycana qayıdacağını düşünür.
“Azərbaycan həkimlərindən kimlərsə Almaniyaya gedirsə, müəyyən vaxtdan sonra onlar vətənə qayıdacaq, Azərbaycan vətəndaşlarına xidmət edəcəklər. Xaricdə elmin dərinliklərinə yiyələnəcəklər, yeni metod və yeniliklərlə tanış olacaqlar. Hansı ki, sonradan onu Azərbaycanda tətbiq edəcklər”, - deputat vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər savadlı, peşəkar həkimlər çalışır: “Buna pandemiya dövründə bir daha şahid olduq. Həkimlərimiz əhalini vəziyyətdən çıxarıb, onlara yardım etdilər”.
Həkimlərin Almaniyaya kütləvi köç məsələsini ictimailəşdirən invaziv kardioloq, tibb elmləri namizədi Üzeyir Rəhimov sayın artacağını istisna etmir.
Onun sözlərinə görə, axının bir sıra səbəbləri var: "Həmin həkimlərin təhsil aldıqları universitetdə və ya daha sonra çalışmağa (staj görməyə) başladıqları yerlərdə aldıqları psixoloji travmalar, güvənli şəkildə həkim haqlarını qoruyan, həkim və pasient əlaqələrini tənzimləyən qaydaların olmaması və bu barədə ümumiyyətlə düşünülməməsi, maddi rifah və mənəvi əminliyin olmaması həkimlərin işləmək üçün xaricə getməsinin səbəbləri sayıla bilər".
Ü.Rəhimov qeyd edib ki, xaricə üz tutunların əksəriyyəti məcburiyyət üzündən bu addımı atırlar:
"Yəqin ki, heç kəs Vətənini buraxıb getmək istəməz. Gedənlər bir şey itirdilərmi? Xeyr, tam əksinə, gələcəklərini güvəncə aldılar. Onlar ölkəmizdən fərqli olaraq, orada həkim kimi öz işindən zövq alacaqlar. Üzücü də olsa, ora gedən məsləkdaşlarım adına sevinirəm. Heç olmasa, 1400 həmyerlim həkim kimi rahat olacaq. Lazım olduqda buradakı gənc məsləkdaşlarımıza da indiyə qədər etdikləri kimi yardım edəcəklər. 12 il xarici ölkədə tibb təhsili alıb Vətənə qayıdan biri olaraq çox şey yaza bilərəm. Papağımızı qabağımıza qoyub düşünməliyik".
Jalə Rövşən
Mənbə: modern.az