Azərbaycanda pulsuz ilik əməliyyatı üçün nə etmək lazımdır? – Rəsmi açıqlama

Azərbaycanda pulsuz ilik əməliyyatı üçün nə etmək lazımdır? – Rəsmi açıqlama

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə qaraciyər və böyrək transplantasiyasını, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasını tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri də daxil edilib.

Burada xüsusi diqqət çəkən isə sümük iliyi transplantasiyası oldu.

Bəs görəsən, bu əməliyyat üçün nələr tələb olunur, xəstələr hansı meyarlarla seçilir? 

Məsələ ilə bağlı  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirilib ki, xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği artıq təsdiq olunub:

"Nazirlər Kabinetinin 4 avqust 2023-cü il tarixli 263 nömrəli Qərarına əsasən qaraciyər, böyrək, sümük iliyi və hematopoetik kök hüceyrələrin transplantasiyası tibbi göstərişi olan, müalicə protokolları və kliniki tövsiyələr əsasında diaqnozu təsdiqlənmiş sığortaolunanlara şamil edilir. Transplantasiya xidmətlərinin göstərilməsi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun  tələblərinə uyğun həyata keçirilir. 

Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfi ilə təminata alınmış orqan transplantasiyası üzrə tibbi xidmətlərin maliyyələşməsi həyata keçirilir. Belə ki, həyata keçirilən əməliyyatlar üzrə tariflər müvafiq tibb müəssisəsinə ödənilir. “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı” ilə https://e-qanun.az/framework/48132  linkinə daxil olaraq tanış ola bilərsiniz. 

Nazirlər Kabinetinin 06 avqust 2022-ci il tarixli 288 nömrəli Qərarına əsasən orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini həyata keçirən qurum  Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”dir. 

Koordinasiya Mərkəzi bu sahədə fəaliyyəti təşkil edir, əlaqələndirir, orqan donorluğu və transplantasiyasını həyata keçirən tibb müəssisələrinin işini koordinasiya edir, bu sahədə vahid uçot aparır və informasiya təminatını təşkil edir. Qurumun fəaliyyəti ilə ətraflı linkinə keçid edərək tanış ola bilərsiniz: https://e-qanun.az/framework/51154 

Orqan transplantasiyası ilə bağlı ətraflı məlumat əldə etmək üçün Səhiyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik".    

 

Mənbə: yenisabah.az