Fransa və İrlandiya müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Fransa və İrlandiya müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Fransa və İrlandiya müdafiə sənayesi, dəniz təhlükəsizliyi və hərbi imkanların inkişafı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni “yol xəritəsi” ilə bağlı razılığa gəlib.

Bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Parisdə keçirilən görüşdə Fransanın müdafiə naziri Katerin Votrən və onun irlandiyalı həmkarı Helen McEntee iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər. Tərəflər son illərdə bu sahədə münasibətlərin əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıblar.

Məlumata görə, bu əməkdaşlığın əsas göstəricilərindən biri İrlandiyanın hərbi modernizasiya proqramları çərçivəsində Fransanın müdafiə texnologiyalarına üstünlük verməsidir.

Rəsmi Dublin radar sistemləri, hava hücumundan müdafiə vasitələri və SCORPION proqramına daxil olan zirehli texnikaların alınması üçün Fransaya müraciət edib.

Nazirlər, həmçinin dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər. Xüsusi diqqət kritik infrastrukturun, o cümlədən sualtı rabitə kabellərinin qorunmasına yönəldilib.

Son illərdə Avropada strateji kommunikasiya xətlərinə qarşı mümkün təhdidlərin artması fonunda bu məsələ həm Paris, həm də Dublin üçün prioritet istiqamətlərdən biri hesab olunur.

Tərəflər birgə hərbi satınalmaların genişləndirilməsi və Avropanın müdafiə sənayesi bazasının inkişafı istiqamətində də əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.

Görüş zamanı iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət imkanlarının artırılması da müzakirə olunub. Bu məqsədlə birgə təlimlərin keçirilməsi, hərbi hazırlıq proqramlarının genişləndirilməsi və hərbi-dəniz qüvvələrinin liman səfərlərinin artırılması nəzərdə tutulur.

Nazirlər hesab edirlər ki, bu tədbirlər Fransa və İrlandiya orduları arasında operativ uyğunluğu daha da gücləndirəcək.

Helen McEntee görüş zamanı iyulun 1-dən İrlandiyanın Avropa İttifaqı Şurasına sədrliyinin əsas prioritetlərini də təqdim edib.

Tərəflər Avropa və beynəlxalq gündəmdə duran əsas məsələlər ətrafında fikir mübadiləsi apararaq, daha güclü və müstəqil Avropanın müdafiəsinin formalaşdırılmasına dəstəklərini bir daha təsdiqləyiblər.

Görüşdə Yaxın Şərqdəki vəziyyət və xüsusilə, Livan ətrafındakı təhlükəsizlik məsələləri də müzakirə olunub.

Fransa və İrlandiya uzun illərdir Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrin tərkibində iştirak edir və regionda sülhün qorunmasına töhfə verir.

Qeyd edək ki, bu görüş yanvarın 28-də rəsmi Paris və Dublin arasında imzalanmış yeni birgə strateji çərçivə sazişindən sonra təşkil olunub. 2026–2030-cu illəri əhatə edən həmin sənəd təhlükəsizlik, müdafiə, iqtisadi əməkdaşlıq və digər strateji sahələrdə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsini nəzərdə tutur.

Mənbə: azertag.az