Fələstin torpaqları bu ölkələrə verilə bilər - Zaxarova

Fələstin torpaqları bu ölkələrə verilə bilər -

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Qərb tərəfindən maliyyələşdirilən təşkilatların Fələstinin gələcəyi ilə bağlı irəli sürdüyü təklifləri tənqid edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Zaxarovanın sözlərinə görə, son vaxtlar Qərb hökumətləri tərəfindən maliyyələşdirilən bir sıra analitik mərkəzlər Fələstin məsələsinin həlli üçün müxtəlif “alternativ sxemlər” irəli sürməyə başlayıblar.

Diplomat qeyd edib ki, həmin təkliflər arasında Fələstin ərazilərinin qonşu ərəb dövlətləri ilə assosiasiyası ideyası da yer alır.

“Bu strukturlar yenidən Fələstin ərazilərinin qonşu ərəb ölkələri ilə assosiasiyasını nəzərdə tutan şübhəli variantları gündəmə gətirirlər”, – deyə Zaxarova bildirib.

O vurğulayıb ki, bu cür konsepsiyaların tərəfdarları region xalqlarının iradəsini nəzərə almır və neokolonial yanaşmadan çıxış edirlər.

Rusiya XİN rəsmisi əlavə edib ki, bu ideyalar yeni deyil və əvvəllər də səsləndirilib. Onun sözlərinə görə, belə təşəbbüslər həm Fələstin xalqı, həm də ərəb dövlətləri tərəfindən qəti şəkildə rədd olunub.

Zaxarova bildirib ki, bu təkliflər Fələstin məsələsinin nizamlanması ilə bağlı beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qətnamələrinə, eləcə də Ərəb Sülh Təşəbbüsü və Madrid prinsiplərinə ziddir.

Mənbə: bizim.media