Albaniyada ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin dəstəklədiyi 1,6 milyard dollarlıq nəhəng turizm layihəsi kütləvi etirazlara səbəb olub. Paytaxt Tiranada minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etiraz edib. Aksiyalarda hətta şişmə çəhrayı flaminqo fiqurlarından istifadə olunub.
Bu barədə "NBC News" məlumat yayıb.
Bildirilir ki, qanunla qorunan flaminqolar layihəyə qarşı mübarizənin simvoluna çevrilib.
Ekoloqlar həyəcan təbili çalır
Etirazçılar hesab edirlər ki, Adriatik dənizi sahilində planlaşdırılan lüks kurort kompleksi ölkənin ən həssas və qorunan təbiət ərazilərindən birini məhv edə bilər.
Layihə Kuşnerin “Affinity Partners” investisiya şirkəti tərəfindən həyata keçirilir. Plana əsasən, Vyoza-Narta çay deltası yaxınlığındakı sahil zolağı və vaxtilə kommunist rejimi dövründə gizli hərbi baza kimi istifadə olunan Sazan adasının bir hissəsi tikintiyə cəlb ediləcək.
Sazan adasının ümumi sahəsi təxminən 5,7 kvadrat kilometrdir. Layihə müəllifləri bildirirlər ki, adanın yalnız müəyyən hissəsində tikinti aparılacaq.
“Albaniya satılmır” şüarları
Ötən həftə Tiranada keçirilən kütləvi etiraz aksiyalarında nümayişçilər “Albaniya satılmır” şüarları səsləndirib. Aksiyalar zamanı polis ilə qarşıdurmalar yaşanıb, hüquq-mühafizə orqanları etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.
Cümə axşamı günü isə yüzlərlə insan Baş nazir Edi Ramanın iqamətgahı qarşısına toplaşaraq onun istefasını tələb edib və “inqilab” şüarları səsləndirib.
Layihənin tənqidçiləri Ramanı Vaşinqtonun rəğbətini qazanmağa çalışmaqda ittiham edirlər. Onların sözlərinə görə, layihənin yekun təsdiqi Donald Trampın prezident vəzifəsinə başlamasından cəmi bir neçə gün əvvəl verilib.
Flaminqoların son sığınacağı təhlükədədir
Ekoloqların fikrincə, tikinti işləri bölgənin unikal ekosisteminə ciddi zərbə vuracaq. Vyoza-Narta deltası ölkədə flaminqoların yuva saldığı yeganə ərazi hesab olunur. Bundan başqa, region minlərlə köçəri quşun miqrasiya marşrutu üzərində yerləşir.
Albaniyanın Təbiətin Mühafizəsi və Qorunması Təşkilatının rəhbəri Coni Vorpsi bildirib ki, bu ərazi ölkənin ən qiymətli təbiət guşələrindən biridir:
“Bura əsl nağılı xatırladır. Delfinlərdən tutmuş dəniz tısbağalarına və nadir Aralıq dənizi rahib suitilərinə qədər çoxsaylı canlı növlərinə rast gəlmək mümkündür”.
Onun sözlərinə görə, layihənin təqdim olunan vizuallaşdırmaları təbiətin böyük hissəsinin məhv ediləcəyini göstərir:
“Gördüyümüz görüntülərə əsasən, hər şey dəhşətli görünür. Bu tikinti vəhşi təbiətin həmin hissəsini tamamilə siləcək və qorunan ərazidə genişmiqyaslı kommersiya tikintilərinə yol açacaq”.
Hökumət və Kuşner layihəni müdafiə edir
Baş nazir Edi Rama isə ittihamları rədd edir. O bildirib ki, layihə Albaniyanın turizm potensialını daha da artıracaq və ölkə iqtisadiyyatına böyük töhfə verəcək.
Rama sosial şəbəkələrdə paylaşdığı videolarda bu təşəbbüsün Aralıq dənizinin bu hissəsində “ən cəlbedici turizm istiqamətinin yaradılmasına” xidmət etdiyini vurğulayıb.
Donald Trampın qızı və Kuşnerin həyat yoldaşı İvanka Tramp da layihəni dəstəkləyib. O, ötən həftə verdiyi müsahibədə Sazan adasını “Aralıq dənizinin qəlbində yerləşən inanılmaz gözəl özəl ada” adlandırıb.
Layihəni həyata keçirən şirkət isə əsas prioritetlərinin “məsuliyyətli idarəetmə və ətraf mühitin yaxşılaşdırılması” olduğunu bəyan edib.
Gizli hərbi bazada yerləşən kurort
Maraqlıdır ki, Kuşnerin 2024-cü ildə açıqladığı planlar təkcə Albaniya ilə məhdudlaşmırdı. Həmin vaxt Serbiyanın paytaxtı Belqradda keçmiş Yuqoslaviya Ordusunun qərargahının yerində də lüks hotel kompleksi tikilməsi nəzərdə tutulurdu.
Lakin həmin layihə yerli əhalinin kütləvi etirazlarından sonra ötən il tamamilə dayandırılıb.
Ağ Evin sözçüsü Anna Kelli isə bildirib ki, Kuşner bu layihələri dövlət rəsmisi kimi deyil, özəl şəxs qismində həyata keçirir və onun biznes fəaliyyəti ABŞ administrasiyası ilə əlaqəli deyil.
Albaniya hökuməti, “Affinity Partners” şirkəti və layihənin icrasına cavabdeh şəxslər isə jurnalistlərin əlavə suallarını cavablandırmayıblar.
Adəm
Mənbə: publika.az