Torpaq sahələri ilə bağlı yenilik - Qanun dəyişir

Torpaq sahələri ilə bağlı yenilik - Qanun dəyişir


Dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilə bilməsinin hüquqi əsası yaradılır.

Bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Mülki Məcəlləsində təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş torpağın dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar, habelə qanunla özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələri istisna olmaqla, dövlət mülkiyyətində olan əmlak, o cümlədən torpaq sahəsi qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dəyişdiriləcək.
Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək.
Dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin qarşılıqlı razılıq əsasında müvafiq olaraq xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Mənbə: www.bakupost.az