Nüvə silahına sahib olan dünyanın beş böyük dövləti (“nüvə beşliyi” – Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransa) arasında hazırda bir çox fundamental məsələlərdə ciddi fikir ayrılığı mövcuddur.
Bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
Məlumata görə, sözügedən bəyanatla Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NSYM) icrasına dair baxış konfransında Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Belousov çıxış edib.
Rusiyalı diplomat konfrans çərçivəsində aparılan müzakirələrdə supergüclər arasında qütbləşmənin açıq şəkildə hiss olunduğunu bildirib:
“Konfransdakı müzakirələr zamanı “nüvə beşliyi” daxilində müəyyən bir üçlü bölünmə, “üçlü fərqlilik” nəzərə çarpırdı. Bir tərəfdə Rusiya və Çin, digər tərəfdə Fransa və Böyük Britaniya dayanırdı, ABŞ isə tamamilə fərqli və tək bir mövqe nümayiş etdirirdi. Bu üçqütblü yanaşma özünü ən qabarıq şəkildə Vaşinqtonun yeni təşəbbüsü zamanı büruzə verib. Belə ki, ABŞ tərəfindən strateji sabitlik, silahlara nəzarət və nüvə tərksilahı üzrə çoxtərəfli danışıqlara başlamaq təklif edilib. Bu ideya Qərb dövlətləri tərəfindən dəstəklənən ən perspektivli addım kimi təqdim olunub və Moskva ilə Pekinə bu təşəbbüsə müsbət reaksiya vermələri üçün diplomatik təzyiqlər göstərilib”.
Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “nüvə beşliyi”nin ekspertlər səviyyəsində Mərakeşdə qapalı görüş keçirdiyini açıqlamışdı. Nazir müavini dialoqun tamamilə dondurulmadığını, lakin hazırda yalnız işçi qrupları səviyyəsində və çox məhdud mövzular ətrafında aparıldığını etiraf edib.
Mənbə: qafqazinfo.az