Bakının Xəzərdən artan təhlükələrə qarşı HƏMLƏSİ – sensasion açıqlamalar

Bakının Xəzərdən artan təhlükələrə qarşı HƏMLƏSİ – sensasion açıqlamalar

Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general - polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrində keçirilən döyüş atışlı taktiki təlimin gedişini izləyiblər.

Musavat.com-un məlumatına görə, Baş Qərargah rəisinə məruzə edilib ki, təlimə Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri cəlb olunub.

Təlimin planına uyğun olaraq Xəzər dənizinin Azərbaycana məxsus akvatoriyasında şərti düşmənin məhv edilməsi, eləcə də digər qoşun növləri və silahlı birləşmələr ilə birgə fəaliyyətlər üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib. Təlimin əsas məqsədi döyüş əməliyyatlarının təşkili və qüvvələrin idarə olunması üzrə komandir və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, gəmilərin tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının icrasına hazırlığının yoxlanılmasıdır.

Bu təlim bir neçə vacib məqamı ortaya qoyur. İlk növbədə, Azərbaycanın hərbi-strateji yanaşmasında koordinasiyanın gücləndirilməsi açıq şəkildə görünür.

Hərbi Dəniz Qüvvələri ilə yanaşı digər qurumların - Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin cəlb olunması göstərir ki, ölkə mümkün təhlükələrə qarşı kompleks və çoxşaxəli cavab mexanizmi formalaşdırır. Eyni zamanda, təlimlərin məhz Xəzər dənizi akvatoriyasında keçirilməsi təsadüfi deyil. Bu, regionda artan geosiyasi rəqabət fonunda Azərbaycanın öz dəniz təhlükəsizliyinə və enerji infrastrukturunun qorunmasına xüsusi önəm verdiyini göstərir. Xəzər hövzəsi həm iqtisadi, həm də hərbi baxımdan strateji əhəmiyyət daşıyır. Digər tərəfdən, belə təlimlər yalnız texniki hazırlıq deyil, həm də mesaj xarakteri daşıyır. Kərim Vəliyev kimi yüksək rütbəli rəhbərliyin birbaşa iştirakı orduda idarəetmə və nəzarət mexanizmlərinin gücləndirildiyini göstərir. Bu isə real döyüş şəraitində operativ qərarvermə qabiliyyətinin artırılmasına xidmət edir. Ümumilikdə, bu cür genişmiqyaslı təlimlər Azərbaycanın müdafiə qabiliyyətinin artırılması ilə yanaşı, regionda balansın qorunmasına yönəlmiş ciddi siqnal kimi qiymətləndirilə bilər. Azərbaycan təhlükələri önləmək üçün hansı addımlar atmalıdır? Təhlükə realdırmı?

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a açıqlamasında bildirdi ki, Xəzərdə keçirilən təlimlərin məhz Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevin rəhbərliyi altında keçirilməsi, heç şübhəsiz, təsadüfi deyil:

“Çünki ümumiyyətlə, Xəzər dənizi ilə bağlı bəzi ölkələrin iddiaları və planları var. Ona görə də biz bu döyüş, atış və taktiki təlimləri ona görə təşkil etmişik ki, bu təlimlərdə əlaqəli şəkildə Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri iştirak etsinlər, bu təlimləri əvvəl nəzəri, sonra isə praktiki baxımdan həyata keçirsinlər. Əlbəttə ki, şərti düşmən bu gün şərtidir, sabah isə real ola bilər və bu da nəzərə alınır. Döyüş əməliyyatlarının təşkili, yəni şərti düşmənin Xəzər dənizində mümkün hərəkətlərinin qarşısını almaq, onun fəaliyyətini önləmək, qərargahların işini təkmilləşdirmək, o cümlədən suda – bu, spesifik bir məkandır - gəmilərin qrup halında döyüş tapşırıqlarının icrasını təşkil etmək o qədər də asan məsələ deyil”.

Hərbi ekspert əlavə etdi ki, ona görə də Azərbaycan tərəfi bu təlimləri keçirir:

“Əvvəllər bu təlimləri Müdafiə Nazirliyi, Hərbi Dəniz Qüvvələri keçirirdi. Artıq indi Xəzərdə bizim Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidməti var. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları da bu təlimlərə dəstək olublar. Çünki sabah fövqəladə hallar yarandığı təqdirdə, onlar da Xəzər akvatoriyasında fəaliyyət göstərməlidirlər. Təxliyə, yanğınsöndürmə məsələləri var”.

Polkovnik hesab edir ki, Xəzər hələ uzun illər müəyyən gərginlik arenasına çevriləcək: “Çünki əvvəllər bölgədə maraqlı qüvvələr daha çox Qarabağa və quru ərazilərə fokuslanmışdılar. Amma Xəzər hövzəsi həm iqtisadi, həm də hərbi baxımdan böyük əhəmiyyət daşıyır. Xəzərdə çox güclü karbohidrogen ehtiyatları var. Xəzər həm də strateji ərazidir, nöqtədir. Ona görə də bu təlimlərə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin rəhbərlik etməsi sabah yarana biləcək real təhlükələrin operativ şəkildə, qərargahlarla birgə aradan qaldırılmasına xidmət edir. Ümumiyyətlə, bu təlimlər əvvəllər də keçirilib. Hətta Dövlət Sərhəd Xidmətinin xətti ilə, Dövlət Sərhəd Xidmətinin Sahil

Mühafizə Xidməti tərəfindən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında bu təlimlər keçirilib. Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri isə həmin təlimlərdə bir növ köməkçi rolunda iştirak edirdi. Bu dəfə isə vəziyyət bir qədər fərqlidir. Regionda olan real təhdidlər, real təhlükələr və həmin təhlükələri önləmək üçün koordinasiyalı şəkildə sabah hansı addımlar atılmalıdır, hansı işlər görülməlidir, Xəzər dənizində yarana biləcək real təhlükələr necə aradan qaldırılmalıdır, bu məsələlərlə bağlı aydın təsəvvürlərin, təcrübələrin olması vacibdir”.

Ü.Cəfərov təhlükənin real olduğu qənaətindədir: “Heç kim deyə bilməz ki, şimalında və cənubunda müharibə vəziyyətində olan ölkələr sabah Xəzərlə bağlı hər hansı bir iddiaya düşməyəcəklər. Ona görə də mən hesab edirəm ki, bu təlimlər çox önəmlidir, çox vacibdir. Həm yeni texnikalar alınıb, yeni rabitə avadanlıqları var, həm də digər naviqasiya avadanlıqları mövcuddur. Xəzərlə bağlı Azərbaycanın bir sıra planları var. Həmin planları real döyüş şəraitində tətbiq etmək üçün bu təlimlər çox gözəl imkandır. Baş Qərargah rəisi də təcrübəli bir şəxs kimi, həm təlimləri izləyir, həm də bəzi mühüm tövsiyələrini verir”.

Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl isə əvvəlcə qeyd etdi ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizinin ölkəyə məxsus akvatoriyasında döyüş atışlı taktiki təlimləri Müdafiə Nazirliyinin təsdiq etdiyi plana uyğun olaraq hər il müntəzəm olaraq yaz və yay mövsümündə keçirilir: “Məlumdur ki, Xəzər dənizində ölkəmizə məxsus mövcud enerji infrastrukturunun mühafizəsi, neft-qaz yataqları və sualtı boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması bu təlimlərin başlıca məqsədidir. Ona görə də, bu təlimlərdə koordinasiyalı şəkildə DSX və FHN -in də cəlb edilməsi təhlükəsizliyin qorunmasının xüsusi əhəmiyyət kəsb etdiyini bir daha sübut edir. Quru sərhədlərdən fərqli olaraq, Xəzər dənizi istiqamətində Azərbaycanın müdafiə qabiliyyətinin guya daha zəif olduğu barədə Rusiya və İran tərəfdən zaman-zaman təxribat xarakterli açıqlamalar bildirib. Hesab edirəm ki, son illər məhz bu istiqamətdə Azərbaycan mümkün təhlükəni dəf etmək üçün Hərbi Dəniz Qüvvələrini müasir silahlarla təmin etməklə yanaşı, döyüş qabiliyyətinin də artırılmasına xüsusi diqqət ayırıb.

Xəzər dənizi akvatoriyasındakı 5 ölkənin ikisi-Rusiya və İran hazırda müharibə vəziyyətindədir və hər iki ölkənin bu akvatoriyada dominant rol oynamaq kimi iddiaları var”.

İlham İsmayıl digər məqamlara da diqqət çəkdi: “Nəzərə alaq ki, Asiya ilə Avropanı birləşdirəcək vacib Transxəzər nəqliyyat dəhlizinin ciddi perspektivləri var. Çin və Mərkəzi Asiyadan gələn yüklərin və Xəzərdən Azərbaycan ərazisinə keçməklə, Zəngəzur dəhlizi vasitəsilə Avropaya çıxışı və Avropadan gələn yüklərin də eyni marşurutla Asiyaya gedişi reallaşacaq. Bu marşurutun reallaşacağına mənfi münasibət göstərən Rusiya və İran bu gün açıq etirazlar bildirməsə də, gələcəkdə Xəzərdə hərbi xarakterli təxribatlar törədə bilər. Bu gün bu təhlükə real görsənməsə də, Rusiya-Ukrayna müharibəsinin və ABŞ, İsrail-İran qarşıdurmasının necə bitməsi və bundan sonra dünya nizamının necə qurulması, bölgədə yaranacaq yeni geosiyasi reallıqlardan da asılı olacaq”. Təhlükəsizlik eksperti təsdiqlədi ki, Xəzərdə keçirilən hərbi təlimlər, xəbərdarlıq xarakterlidir və gələcəkdə təxribatların qarşısının alınacağına dair bir siqnaldır: “Onu da vurğulamaq lazımdır ki, Azərbaycan digər Xəzəryanı ölkə - Qazaxıstanla da gələcəkdə birgə hərbi təlimlər keçirməklə Xəzərdə güc balansının qorunması ilə bərabər, hər hansı bir təhlükənin qarşısının birgə alınacağının da mesajını vermiş olar”.

Elşad Paşasoy

Mənbə: musavat.com