İran nümayəndə heyəti ABŞ ilə aparılan danışıqlarda İsrailin Livana hücumlarının davam edəcəyi təqdirdə Tehranla Vaşinqton arasında dialoqun dayandırıla biləcəyi barədə xəbərdarlıq edib.
Bununla bağlı, “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumata əsasən, İran və ABŞ arasında müzakirə olunan məsələlər içərisində ən mübahisəli mövzulardan biri Livandakı vəziyyət olaraq qalır. Tehran İsrailin Livan ərazisində hərbi əməliyyatlarını danışıqlar prosesinə təsir edən əsas amillərdən biri hesab edir.
Bildirilib ki, Pakistanın daxili işlər naziri Möhsün Nəqəvi bu məsələ ilə bağlı tərəflər arasında mesajların çatdırılmasında rol oynayacaq və yaxın vaxtlarda Tehrana mühüm mesajlar təqdim edəcək.
Qeyd edək ki, dünən İsrail və “Hizbullah” arasında atəşkəs elan edilsə də, bu gün yenidən İsrail ordusu Livanın cənubuna hava zərbələri endirib.
Mənbə: bizim.media