“Soyuq müharibə”nin qaynar dönəmi - Reyqan Moskvanı qorxudub, Andropov isə Vaşinqtonu

“Soyuq müharibə”nin qaynar dönəmi - Reyqan Moskvanı qorxudub, Andropov isə Vaşinqtonu

Planetin 3-cü dünya müharibəsinin astanasında olduğu 1962-ci il “Karib böhranı” haqqında, demək olar ki, hər şey məlumdur. 1983-cü il noyabrın 2-dən 10-dək keçirilən NATO-nun “Able Archer” (Təcrübəli oxatan-Qeyd) təlimi haqqında isə çox az şey yazılıb. Dünya tarixindəki bu faciəli fəsil hələ tam olaraq açılmayıb. Həmin hadisə “Soyuq müharibə”dəki gərginliyin zirvələrindən biri hesab olunur.

1983-cü ilin mart ayında ABŞ prezidenti Ronald Reyqan SSRİ-ni “şər imperiyası” adlandırıb. Daha sonra Amerika Birləşmiş Ştatları “Strateji Müdafiə Təşəbbüsü” (SDI) - “Ulduz müharibələri”ni təbliğ etməyə başlayıb. Hadisələr fonunda Vaşinqton Cənubi Koreyanın “Boeing” sərnişin təyyarəsinin SSRİ üzərində vurulması ilə bağlı sosialist blokunun sərhədləri boyunca “Perşinq” və “Tomaqavk” raketləri yerləşdirib. Nəticədə NATO və SSRİ arasındakı qarşıdurmada gərginlik pik həddə çatıb.

9b7aa28a-ad9e-46d8-9f3a-1d50599a6c6b.jpeg (226 KB)

1982-ci ilin noyabrında Leonid Brejnevin ölümündən sonra Sov.İKP MK-NIN baş katibi olan Yuri Andropov Reyqanın “nüvə müharibəsində qalib gələ biləcək şəkildə başlamaq üçün yeni planlar hazırlamaq” təşəbbüsünü sərt şəkildə tənqid edib. “Ulduz müharibələri” proqramı ətrafındakı isteriyaya baxmayaraq, sovet hökumətinin ən böyük narahatlığı 1983-cü ilin noyabr ayından sonra Qərbi Avropada mövcud olan, yəni təlimlərin başlanğıcına qədər yerləşdirilən Amerika “Perşinq II” orta mənzilli ballistik raketləri olub.

“Perşinq”lər raket silosları və komanda bunkerləri kimi bərkidilmiş hədəfləri məhv etməyə qadir olub. Qurğu bir neçə dəqiqə ərzində istifadəyə hazır olub. Həm də onların yerləşdirmə ərazisi sistemin ilk zərbə endirməsi üçün ideal seçilib. Üstəlik, Qərbi Almaniyadan buraxılan raketlər buraxılışdan cəmi altı dəqiqə sonra SSRİ-dəki hədəflərə çatmaq iqtidarında olub. Odur ki, 17 fevral 1983-cü ildə SSRİ DTK-sının əməliyyatlar idarəsi agentlərə nüvə hücumunun bir neçə potensial göstəricisini izləməyi əmr edib.

35c1a21a-83d4-4e43-b5f5-598d49f378bf.jpeg (106 KB)

Lakin Moskvanı dəli edən və nüvə silahlarını hazır vəziyyət gətirən ABŞ və müttəfiqlərinin “Təcrübəli oxatan” əməliyyatına başlaması olub. Əməliyyatda ən azı 40.000 NATO əsgəri iştirak edib. Sovet İttifaqına potensial nüvə hücumu planı cızılıb, NATO SSRİ-nin raketlərini artıq havada olduğu zaman məhv edilməsinə kimi bütün planları hazırlayıb. Bütün heyət, yüksək vəzifəli dövlət məmurları və nazirlərlə birlikdə komandanlıq altında bunkerlərdə gizlənib. Onların arasında Marqaret Tetçer, Helmut Kol, Ronald Reyqan və başqaları da olub. Təlimlər davam etdikcə, bu cür genişmiqyaslı manevrlər kənardan Moskvaya nüvə zərbəsi endirmək üçün hazırlıq kimi görünüb. Hərbi təlimin proqramında kiçik boşluq belə olmayıb.

Sovet analitikləri tərəfindən qeyd edilən digər bir göstərici Böyük Britaniya ilə ABŞ arasında şifrələnmiş mesajların artması olub. Sovet kəşfiyyat orqanları bunu “NATO-da düşmənin nüvə silahlarına qarşı hazırlıq mərhələlərindən biri olduğu” hesab edib. Əslində, məlumatların sayında qeydə alınan artım, Böyük Britaniya kraliçası II Elizabetin 25 oktyabr 1983-cü ildə Amerikanın Qrenadaya hücumu ilə əlaqədar olaraq həyata keçirdiyi diplomatik səylərlə əlaqəli olub.

8762960a-7644-44cd-9269-abb46308a23d.jpeg (140 KB)

Daha sonra 26 sentyabr 1983-cü ildə, 1982-ci ildən bəri həyəcan vəziyyətində olan birinci nəsil Oko (US-K) erkən xəbərdarlıq sistemi ABŞ-nin hücumu barədə məlumat verib. Lakin “raketlər” hələ çox uzaqda olduğundan, radar müşahidələri bunu təsdiqləyə bilməyib. Növbətçi zabit, polkovnik-leytenant S.E. Petrov xəbərdarlığın yalan olduğuna dair qərar verib. Sonrakı araşdırma nəticəsində məlum olub ki, həyəcan siqnalı peykin sensorlarının yüksək hündürlükdəki buludlardan əks olunan günəş işığı ilə örtülməsi nəticəsində yaranıb.

Bununla belə, dövlətlər arasında gərginlik artmaqda davam edib. Üstəlik, sovet rəhbərliyi təlimlər barədə məlumatlandırılmayıb.

fbb4b91a-c53b-458c-b46c-854bc739c8fd.jpeg (222 KB)

Moskvanın cavabı dərhal olub. Nüvə başlıqlı raketlər Polşa və Şərqi Almaniyaya göndərilib və nüvə sualtı qayıqları Arktika sularına daxil olub. Təlimlərin SSRİ-yə hücumla bağlı olmadığı bərədə mətbuatda yazılar dərc edilsə də, təlim planı ideal formada hazırlanıb. Yəni bir barmaqla nüvə müharibəsini başlamaq mümkün olub.

Bəziləri hesab edir ki, hərbi təlim Moskvanın nəbzini yoxlamaq və ani hücumlar zamanı SSRİ-nin nə edəcəyini bilmək olub. Həmin dövrdə SSRİ daimi hazırlıq vəziyyətində olan 6100-dən çox döyüş başlığı ilə ABŞ-ni hədəfdə saxlayıb. Ronald Reyqanın bir neçə dəfə mətbuat konfransı keçirərək təlimlərin məqsədini açıqlaması Moskvanı nisbətən sakitləşdirib. Müəyyən müddətdən sonra SSRİ nüvə arsenalını normal vəziyyətə qaytarıb.

İlkin Nəcəf

Mənbə: musavat.com