Ermənistanın Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı son açıqlamaları İrəvanın təşkilat daxilindəki narazılığının açıq müstəviyə keçdiyini göstərir. Son illər Rusiya ilə münasibətlərdə müşahidə olunan soyuqluq fonunda Paşinyanın sərt bəyanatları Ermənistanın xarici siyasət kursu ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Ermənistan mediasının məlumatına görə, Paşinyan hökumətin iclasında Aİİ-nin may ayının sonunda Ermənistanla bağlı qəbul etdiyi qərarı kəskin tənqid edib. O bildirib ki, həmin qərar onun iştirakı olmadan qəbul edilib və bunun hansı hüquqi və siyasi nəticələr doğuracağını aydınlaşdırmaq lazımdır.
Paşinyanın sözlərinə görə, əgər təşkilata üzv hər hansı ölkə birtərəfli qaydada digər üzv dövlətə qarşı belə qərarlar qəbul edə bilirsə, bu, artıq Aİİ-nin gələcəyi ilə bağlı ciddi suallar yaradır.
“Əgər bu sualın cavabı müsbətdirsə, o zaman Aİİ faktiki olaraq özünü buraxdığını elan etmiş sayılır", - deyə Ermənistan hökumət başçısı vurğulayıb.
Paşinyan eyni zamanda Rusiyanın Ermənistan məhsullarının idxalına və digər Aİİ ölkələrinə ixracına tətbiq etdiyi məhdudiyyətlərə də etiraz edib. Onun fikrincə, bu addımlar təkcə Ermənistanı deyil, təşkilatın digər üzvlərini də ciddi şəkildə narahat etməlidir.
Baş nazir xatırladıb ki, Aİİ-nin əsas fəlsəfəsi malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinə əsaslanır. Əgər bu prinsiplər işləmirsə, o zaman təşkilatın mövcudluğunun da mənası qalmır.
Paşinyanın bu çıxışı bir daha göstərir ki, İrəvanla Moskva arasında münasibətlərdəki fikir ayrılıqları təkcə təhlükəsizlik və siyasi məsələlərlə məhdudlaşmır. Artıq iqtisadi əməkdaşlıq platformaları da qarşılıqlı ittihamların hədəfinə çevrilməkdədir.
_(1).jpg)
Erməni baş nazirin sərt mesajları Aİİ daxilində yeni böhranın başlanğıcıdır? Ermənistan-Rusiya münasibətlərində növbəti gərgin mərhələ başlayır?
MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirdi ki, bu tənqidlərin əsas hədəfi Rusiyadır: “Moskva Ermənistan məhsullarına müxtəlif qadağalar tətbiq etməklə İrəvana iqtisadi təzyiq göstərməyə çalışır. Görünən odur ki, Rusiya Ermənistanda seçki nəticələrindən və Paşinyanın Qərbə yaxınlaşma siyasətindən narazıdır və buna görə də təzyiq vasitələrini işə salır. Moskva Paşinyana mesaj verir ki, əgər Avropa İttifaqı ilə inteqrasiya xəttini davam etdirsə, Ermənistan üçün Avrasiya İqtisadi İttifaqında qalmaq daha da çətinləşəcək. Lakin Paşinyan artıq əvvəlki kimi müdafiə mövqeyində deyil. O, öz siyasi mövqeyini gücləndirib və Moskvaya daha sərt tonda cavab verməyə başlayıb. Bu isə onu göstərir ki, Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik mərhələsi başlayır.
Digər tərəfdən, Avropa Komissiyasının Ermənistana 50 milyon avro həcmində dəstək ayırması da təsadüfi deyil. Bu vəsait, əsasən, Rusiyanın mümkün iqtisadi sanksiyalarının təsirini azaltmaq və xüsusilə kənd təsərrüfatı məhsulları sahəsində Ermənistanı sığortalamaq məqsədi daşıyır. Bu, həm də Qərbin İrəvana verdiyi siyasi və iqtisadi dəstəyin göstəricisidir. Ermənistanın gələcəkdə Avrasiya İqtisadi İttifaqından çıxması da nəzəri baxımdan mümkündür. Ancaq bu prosesin qısa müddətdə baş verməsi real görünmür. Paşinyan daha çox Rusiyanın bölgədəki mövqelərinin zəifləməsini gözləyəcək və addımlarını buna uyğun hesablayacaq. Bununla belə, Avrasiya İqtisadi İttifaqı hələlik dağılmayıb və fəaliyyətini davam etdirir. Rusiya da bu platforma üzərindən öz regional siyasətini qorumağa və təsir imkanlarını saxlamağa çalışacaq”.
Cavanşir Abbaslı
Mənbə: musavat.com