"7–8 iyul tarixlərində keçiriləcək NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammiti yalnız növbəti siyasi toplantı deyil, həm də Alyansın gələcək onilliklər üçün təhlükəsizlik strategiyasını müəyyənləşdirəcək qərarların qəbul ediləcəyi platformadır”.
Bu sözləri politoloq Aytən Qurbanova deyib.
O bildirib ki, sammitin Ankarada keçirilməsi təsadüfi diplomatik seçim deyil:
"Sammitin Ankarada keçirilməsi təsadüfi diplomatik seçim deyil, NATO-nun dəyişən təhlükəsizlik mühitində Türkiyəyə verdiyi strateji əhəmiyyətin və Alyans daxilində güc balansının yenidən formalaşmasının mühüm göstəricisidir. Məhz buna görə də həm NATO rəhbərliyi, həm də üzv dövlətlər bu sammiti son illərin ən mühüm zirvə görüşlərindən biri kimi qiymətləndirirlər”.
O vurğulayıb ki, müasir beynəlxalq münasibətlər sistemi inkişaf edən çoxsaylı təhlükələrin təsiri altındadır:
"Müasir beynəlxalq münasibətlər sistemi artıq tək bir böhranın deyil, paralel şəkildə inkişaf edən çoxsaylı təhlükələrin təsiri altındadır. Rusiya-Ukrayna müharibəsinin uzanması, Orta Şərqdə davam edən qeyri-sabitlik, Çinlə Qərb arasında dərinləşən geosiyasi rəqabət, kiberhücumların artması, süni intellekt və yüksək texnologiyalar uğrunda mübarizə, enerji və təchizat zəncirlərinin təhlükəsizliyi NATO-nu öz strateji konsepsiyasını yenidən nəzərdən keçirməyə vadar edib. Məhz bu reallıq fonunda ekspert dairələrində "NATO 3.0” kimi xarakterizə olunan yeni mərhələ formalaşır. Bu anlayış yeni təşkilatın yaradılması deyil, Alyansın təhlükəsizlik fəlsəfəsinin dəyişməsi deməkdir”.
Politoloq qeyd edib ki, artıq NATO-nun məqsədi uzunmüddətli strateji rəqabətə hazır, yüksək texnologiyalı, çevik və dayanıqlı təhlükəsizlik sistemi formalaşdırmaqdır:
"Əgər əvvəlki dövrdə NATO əsasən böhranlara reaksiya verən mexanizm kimi çıxış edirdisə, artıq məqsəd uzunmüddətli strateji rəqabətə hazır, yüksək texnologiyalı, çevik və dayanıqlı təhlükəsizlik sistemi formalaşdırmaqdır. Heç şübhəsiz ki, Ankara sammitinin əsas gündəlik məsələlərindən biri müdafiə xərclərinin bölüşdürülməsi olacaq. ABŞ Prezidenti Donald Trampın uzun müddətdir irəli sürdüyü əsas tezis ondan ibarətdir ki, Avropa dövlətləri öz təhlükəsizliklərinə görə daha çox maliyyə məsuliyyəti daşımalıdırlar. Vaşinqton hesab edir ki, NATO-nun əsas maliyyə yükünün böyük hissəsinin ABŞ tərəfindən qarşılanması artıq davamlı model deyil. Bu baxımdan sammitdə müdafiə xərclərinin artırılması, hərbi istehsal imkanlarının genişləndirilməsi və müdafiə sənayesinin inkişafı üzrə yeni öhdəliklərin qəbul olunacağı gözlənilir. Bu müzakirələr əslində NATO daxilində məsuliyyət bölgüsünün yenidən müəyyənləşdirilməsi anlamına gəlir. Avropa ölkələrinin müdafiə sənayesinə daha çox investisiya yatırması, hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi və Alyansın istehsal potensialının artırılması gələcək təhlükəsizlik modelinin əsas elementləri hesab olunur”.
A.Qurbanova deyib ki, sammitin Türkiyədə keçirilməsi isə xüsusi siyasi və geostrateji məna daşıyır:
"Sammitin Türkiyədə keçirilməsi isə xüsusi siyasi və geostrateji məna daşıyır. Son illərdə Ankara həm NATO daxilində, həm də regional böhranların idarə edilməsində mühüm aktora çevrilib. Türkiyə Qara dəniz hövzəsi, Orta Şərq, Şərqi Aralıq dənizi və Cənubi Qafqaz arasında yerləşən unikal geostrateji mövqeyi sayəsində Alyansın cənub cinahının əsas təhlükəsizlik təminatçılarından biridir. Həmçinin Türkiyə inkişaf etmiş müdafiə sənayesi, pilotsuz uçuş aparatları istehsalı, terrorizmlə mübarizə təcrübəsi və vasitəçilik diplomatiyası ilə NATO daxilində təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
ABŞ Prezidenti Donald Trampın sammitdə iştirakını birbaşa Prezident Rəcəb Tayyib Ərdoğana hörmət əlaməti kimi qiymətləndirməsi də Türkiyə-ABŞ münasibətlərində dialoqun davam etdirilməsinə verilən siyasi mesaj kimi dəyərləndirilə bilər. Bu eyni zamanda Ankaranın Alyans daxilində diplomatik çəkisinin artmasının nümayişidir. Prezident Ərdoğanın sammiti "həlledici” adlandırması da təsadüfi deyil. Çünki qəbul ediləcək qərarlar yalnız NATO-nun gələcək fəaliyyət istiqamətlərini deyil, bütövlükdə Avro-Atlantik təhlükəsizlik sisteminin inkişaf trayektoriyasını müəyyənləşdirəcək”.
Politoloq bildirib ki, diqqətçəkən digər məqam sammitə Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderlərinin dəvət olunmasıdır:
"Diqqət çəkən məqamlardan biri də sammitə "AP4” formatında Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderlərinin dəvət olunmasıdır. Bu addım NATO-nun fəaliyyət coğrafiyasının hüquqi baxımdan genişlənməsi deyil, təhlükəsizlik gündəliyinin qlobal xarakter aldığını nümayiş etdirir. Alyans artıq Avro-Atlantik regionunda baş verən proseslərlə yanaşı, Hind-Sakit okean məkanında formalaşan təhlükəsizlik çağırışlarını da öz strateji planlaşdırmasının ayrılmaz hissəsi hesab edir. Bu isə NATO ilə Asiya-Sakit okean tərəfdaşları arasında koordinasiyanın daha da dərinləşdirilməsi istiqamətində mühüm siyasi mesajdır. Sammit çərçivəsində keçiriləcək NATO Müdafiə Sənayesi Forumu da xüsusi əhəmiyyət kəsb edir. Müasir müharibələrin gedişi göstərir ki, hərbi üstünlük yalnız orduların say üstünlüyü ilə deyil, sənaye potensialı, texnoloji innovasiya, süni intellekt, pilotsuz sistemlər və yüksək dəqiqlikli silah istehsalı ilə müəyyən olunur. Bu baxımdan forum NATO ölkələrinin müdafiə sənayesi əməkdaşlığının yeni mərhələyə keçməsi, istehsal zəncirlərinin möhkəmləndirilməsi və innovativ texnologiyaların tətbiqi baxımından mühüm platforma rolunu oynayacaq”.
O qeyd edib ki, Ankarada təhlükəsizlik tədbirlərinin misli görünməmiş səviyyədə gücləndirilməsi də sammitin əhəmiyyətini təsdiqləyir:
"İstanbul Əməkdaşlıq Təşəbbüsü çərçivəsində keçiriləcək nazirlər görüşü NATO-nun Orta Şərq ölkələri ilə təhlükəsizlik üzrə əməkdaşlığını genişləndirmək niyyətinin göstəricisidir. Regional sabitliyin qorunması, terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və dəniz kommunikasiyalarının müdafiəsi kimi məsələlər bu əməkdaşlığın prioritet istiqamətləri olaraq qalır. Ankarada təhlükəsizlik tədbirlərinin misli görünməmiş səviyyədə gücləndirilməsi də sammitin əhəmiyyətini təsdiqləyir. Kütləvi tədbirlərin və pilotsuz uçuş aparatlarının qadağan olunması, on minlərlə polis və jandarma əməkdaşının cəlb edilməsi Türkiyənin tədbirin təhlükəsizliyinə verdiyi önəmi göstərir. Bu həm də müasir beynəlxalq sammitlərin artıq yalnız diplomatik deyil, eyni zamanda ciddi təhlükəsizlik əməliyyatı xarakteri daşıdığını nümayiş etdirir”.
Şahanə Ziyad
Mənbə: azxeber.com