Almaniya Avropanın uzaqmənzilli raket imkanlarını gücləndirmək məqsədilə Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarını araşdırır.
Bunu Almaniyanın müdafiə nazirinin müavini Nils Şmid NATO-nun Ankara sammitini dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, Türkiyə son illərdə müdafiə sənayesində, xüsusilə pilotsuz uçuş aparatları və uzaqmənzilli yüksək dəqiqlikli zərbə sistemləri sahəsində ciddi irəliləyiş əldə edib və NATO ilə Avropanın təhlükəsizliyi baxımından mühüm rol oynayır.
Şmid bildirib ki, Almaniya Avropanın uzaqmənzilli raket sahəsindəki boşluqlarını aradan qaldırmaq üçün müxtəlif variantları nəzərdən keçirir. O, Almaniyanın Türkiyənin istehsalı olan “TAYFUN” və “YILDIRIMHAN” raketlərinə maraq göstərdiyi barədə yayılan xəbərləri də təsdiqləyib.
Alman rəsmisi vurğulayıb ki, Berlin potensial əməkdaşlıq tərəfdaşlarına geniş prizmadan yanaşır və Türkiyənin müdafiə məhsullarını da qiymətləndirir.
Şmid əlavə edib ki, Avropa ölkələri müdafiə xərclərini artırmaqla NATO daxilində daha böyük məsuliyyət götürür və Almaniya yeni müdafiə hədəflərinə 2029-cu ilə qədər çatmağı planlaşdırır.
Müəllif: Roza
Mənbə: publika.az