Yunanıstanlı generaldan sensasion iddia: Türkiyə F-35-ləri bunun üçün istəyir

Yunanıstanlı generaldan sensasion iddia: Türkiyə F-35-ləri bunun üçün istəyir

Yunanıstanın keçmiş Baş Qərargah rəisi və keçmiş Hərbi Hava Qüvvələri komandanı Kristos Xristodulu Türkiyənin F-35 proqramı ilə bağlı diqqətçəkən iddia irəli sürüb.

O, bu barədə “Action24” televiziyasına müsahibəsində danışıb.

Xristodulu Türkiyənin ABŞ-da saxlanılan özünə məxsus 6 ədəd F-35 döyüş təyyarəsini geri almaq istədiyini, lakin əsas məqsədin bu təyyarələrdən istifadə deyil, onların texnologiyasını öyrənmək olduğunu iddia edib. Onun sözlərinə görə, Ankara F-35-lər üzərində mühəndislik apararaq milli döyüş təyyarəsi KAAN-ın proqram təminatı və sistemlərini təkmilləşdirməyi hədəfləyir.

Keçmiş komandan NATO-nun yenidən formalaşan komandanlıq strukturuna da toxunaraq bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra Türkiyə alyans daxilində strateji baxımdan mühüm üstünlüklər əldə edib. Onun sözlərinə görə, Ankara Qara dəniz, eləcə də Şərqi Aralıq dənizi və Fars körfəzi istiqamətlərinə fokuslanan iki mühüm NATO qərargahına ev sahibliyi edir.

Xristodulu hesab edir ki, Türkiyənin bölgədə artan strateji əhəmiyyətini yalnız F-16 və F-35 döyüş təyyarələri ilə əlaqələndirmək düzgün deyil.

Keçmiş Baş Qərargah rəisi çıxışı zamanı Yunanıstanın F-35 proqramına qoşulması prosesindən də danışıb. O bildirib ki, ölkəsinin ABŞ-a F-35-lə bağlı ilk rəsmi müraciəti 2017-ci ildə, onun rəhbərliyi dövründə edilib. Xristodulu vurğulayıb ki, həmin dövrdə F-35 layihəsinə qoşulmamaq Yunanıstan üçün "tarixi səhv" olub.

Müəllif: Roza

Mənbə: publika.az