Ankaradan Yunanıstana etiraz: Bu, qəbulolunmazdır!

Ankaradan Yunanıstana etiraz: Bu, qəbulolunmazdır!

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanın şagird sayının azlığını bəhanə edərək Qərbi Frakiya Türk Azlığına məxsus daha 8 ibtidai məktəbi bağlamaq qərarını kəskin şəkildə qınayıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli "X" hesabında paylaşım edib.

O bildirib ki, bu son qərarla regionda türk azlığına məxsus ibtidai məktəblərin sayı 76-ya enib.

Keçəli, həmçinin İskeçə 1 saylı Türkiyəyə aid ibtidai məktəbində birinci sinfə qəbul zamanı yeni maneələrin yaradıldığını qeyd edərək, bunu Qərbi Trakiya türk azlığının təhsil hüquqlarının sistemli şəkildə məhdudlaşdırılmasının növbəti nümunəsi adlandırıb.

"Bu cür qərar və addımlar Lozanna Sülh Müqaviləsinin müddəalarının pozulması xarakteri daşıyır".

O əlavə edib ki, Yunanıstan Qərbi Trakiya türk azlığının hüquqlarının pozulmasını təsbit edən beynəlxalq məhkəmə qərarlarını və aparıcı Avropa qurumlarının tövsiyələrini icra etməkdən yayınır.

Keçəli Yunanıstanı azlıqların və əsas insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq öhdəliklərinə uyğun davranmağa çağırıb. O vurğulayıb ki, Türkiyə Qərbi Trakiya türk azlığının hüquq və mənafelərinin müdafiəsini bundan sonra da qətiyyətlə dəstəkləyəcək.

Mənbə: publika.az