İranın Küveyt və BƏƏ-ə hücum planı - Nüvə silahı bu dəfə işə düşə bilər

İranın Küveyt və BƏƏ-ə hücum planı -

ABŞ ilə İran arasında müharibənin yenidın alovlanması ehtimalı günü-gündən daha da güclənir.

Xarici mətbuata istinadən xəbər verilir ki, ABŞ İordaniya və İraqda amerikalı hərbçilərin həlak olmasından sonra İranla yenidən genişmiqyaslı müharibəyə başlamaq həddinə çatıb.
Ağ Evdə aparılan müzakirələrlə tanış olan ABŞ rəsmilərindən birinin sözlərinə görə, Vaşinqton İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi imkanını nəzərdən keçirir. Pentaqon Yaxın Şərqdə döyüş aviasiyasının sayını artırır.
Baş verən son olaylar fonunda İran xarici işlər nazirinin müavini Kazem Qərib-Abadi bildirib ki, Tehran ABŞ ilə münaqişənin dayandırılmasına dair iyunun 18-də imzalanan anlaşma memorandumu çərçivəsindəki öhdəliklərinin icrasını dayandırıb.
Yenidən genişmiqyaslı hərbi əməliyyatlar baş verə bilərmi?
Politoloq Tofiq Abbasov Bakupost.az-a bildirib ki, Tramp İranla bağlı kampaniyanı uduzub.
Bu səbəbdən də ekspertin sözlərinə görə, Trampın bu vəziyyətdən çıxmaq üçün qeyri-adi gedişə ehtiyacı var: “İran tərəfi də bunu başa düşür. Tramp plansız şəkildə prosesə qatılmaqla göstərdi ki, onun uzunmüddətli hesablamaları heç bir ümid vermir”.
Ekspert qeyd edir ki, indiki vəziyyətdə ABŞ Prezidenti kortəbii şəkildə hərəkət edir:
“Tramp ipin ucunu itirib, nəyə doğru sürükləndiyini özü də bilmir. Bir tərəfdən də, vitse-prezident müharibəyə ehtiyac olmadığını deyir. Bu da Tramp komandasında haçalanmaların olduğunu göstərir. Amerikalı hərbi ekspertlər bu fonda bildirir ki, ABŞ-nin xeyli hərbçi itkisi var, sadəcə onların üstü açılmır”.
Müsahibimiz hesab edir ki, proses ətrafında vəziyyət pisdən daha da pisə doğru irəliləyir:
“Yenidən aktiv hərbi əməliyyatlara start verilə bilər. Tramp görünür, qeyri-adi gedişlə mümkünsüzü mümkün etmək istəyir. Amma İranda bu alınmayacaq. Quru əməliyyatlar ABŞ üçün ağrılı bir proses olacaq”.
Hətta politoloq İranın özünün hücuma keçəcəyini də istisna etmədi:
“İran parlamentində Amerika personalı olan Küveyt və BƏƏ-ə hücuma keçmək təklif edilir. İran tərəfinin itirəsi heç nəyi yoxdur. Belədə, geri addım atılmasa dəhşətli xaos başlayacaq. Hətta bu zaman nüvə silahından istifadə üçün imkanlar da açıla bilər”.
Rüfət Sultan

Mənbə: www.bakupost.az