Bakı və Berlin bərabərhüquqlu tərəfdaşlığın praqmatik modelini yaradır

Bakı və Berlin bərabərhüquqlu tərəfdaşlığın praqmatik modelini yaradır

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Onun sözlərinə görə, bu əməkdaşlığın miqyasını anlamaq üçün mövcud iqtisadi göstəricilərə nəzər salmaq kifayətdir. "Hazırda Azərbaycanda sənaye, tikinti, logistika və energetika daxil olmaqla müxtəlif sahələrdə 200-dən çox Almaniya şirkəti fəaliyyət göstərir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,7 milyard avro təşkil edərək son beş ildə 70 faizə yaxın artım nümayiş etdirmişdir. Qeyd etmək lazımdır ki, bu ticarət əlaqələri balanslaşdırılmış xarakter daşıyır - Almaniya yalnız məhsul satmır, eyni zamanda Azərbaycanın təklif etdiyi resurs və malları da idxal edir. Ticarət balansının bu cür tarazlığı isə müvəqqəti konyunkturaya deyil, yetkin iqtisadi bağlara dəlalət edir. Məhz bu sağlam bünövrə üzərində ucalan Strateji Bəyannamə əlaqələri sıfırdan qurmur, artıq mövcud olan sıx əməkdaşlıq şəbəkəsinə institusional forma verərək fərdi təmasları vahid və sistemli gündəliyə çevirir",-o əlavə edib.
Deputat əlavə edib ki, uzun müddət bu gündəliyin nüvəsini energetika sektoru təşkil etmişdir: "Avropa üçün etibarlı tərəfdaşlığın xüsusi dəyər kəsb etdiyi bir dövrdə Azərbaycan özünü sınanmış və etibarlı tərəfdaş kimi təsdiqlədi. Qitənin əvvəlki qaz həcmlərindən məhrum olduğu şəraitdə Azərbaycan qazı Avropa üçün strateji əhəmiyyət qazandı və 2026-cı ilin əvvəlindən Almaniya və Avstriyaya birbaşa Azərbaycan qazının nəqlinə başlanıldı. Lakin Strateji Bəyannamə enerji tərəfdaşlığını yeni müstəviyə qaldırır. Sənəd ənənəvi təbii qaz tədarükü çərçivəsindən kənara çıxaraq bərpa olunan enerji, yaşıl və azkarbonlu hidrogen, enerji effektivliyi və energetik keçid sahələrini də əhatə edir. Başqa sözlə, Bakı və Berlin yalnız bugünkü karbohidrogen resursları haqqında deyil, sabahın təmiz enerjisi barədə razılığa gəlirlər ki, bu da Azərbaycanı Avropanın yaşıl keçid prosesinin tamhüquqlu iştirakçısına çevirir.
Sənədin verdiyi ən mühüm mesaj isə energetika çərçivəsindən çox daha genişdir. Bəyannamə sənaye modernizasiyası, rəqəmsal transformasiya, kənd təsərrüfatı, dayanıqlı inkişaf və nəqliyyat əlaqəliliyi kimi müxtəlif sahələri əhatə edərək ikitərəfli münasibətləri "xammal verib pul almaq" modelindən çıxarıb bərabərhüquqlu iqtisadi əməkdaşlıq müstəvisinə gətirir. Bu xüsusda nəqliyyat-logistika istiqaməti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan şimal və cənub marşrutlarından yan keçən Orta Dəhlizin mühüm qovşağı kimi öz mövqelərini ardıcıl olaraq möhkəmləndirir. İxraca söykənən iqtisadiyyatı tədarük zəncirlərinin sabitliyindən birbaşa asılı olan Almaniya üçün qitələrin kəsişməsində yerləşən etibarlı tranzit tərəfdaşı strateji dəyərə malikdir. Beləliklə, Bakı Berlin üçün enerji xəritəsindəki nöqtə olmaqdan çıxıb, Avropanın öz asılılıqlarını şaxələndirərək qurduğu yeni Avrasiya sənaye-logistika arxitekturasının tərkib hissəsinə çevrilir.

Bundan əlavə, Bəyannamə siyasi dialoqu təsadüfi şəraitdən qoruyaraq institusionallaşdırır. Sənəddə müntəzəm qurumlararası məsləhətləşmələr, yüksəksəviyyəli səfərlər, əsas istiqamətlər üzrə tematik dialoqlar və ticarət üzrə Birgə Yüksəksəviyyəli İşçi Qrupunun imkanlarından tam istifadə nəzərdə tutulur. Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması operativ səviyyədə dövlət və özəl sektor arasında birbaşa bürokratik maneəsiz ünsiyyət kanalı formalaşdırır. Bu institusionallaşmanın əsas mənası münasibətləri siyasi konyunkturadan və hökumət dəyişikliklərindən qorumaq, onları davamlı və sistemli iş rejiminə keçirməkdən ibarətdir".

O həmçinin qeyd edib ki, əməkdaşlığın ən həssas sahəsi olan təhlükəsizlik sektoru da diqqətdən kənarda qalmamışdır. "Sənəd regional və beynəlxalq məsələlər üzrə dialoqu, humanitar minatəmizləmə sahəsində əməkdaşlığı, insan və narkotik alverinə qarşı mübarizəni, eləcə də müdafiə akademiyaları və hərbi sənaye sahəsində təcrübə mübadiləsini ehtiva edir. Berlinin Bakı ilə hərbi-texniki müstəvidə dialoqa hazır olması Almaniyanın Azərbaycana məsafə saxlanılmalı tərəfdaş kimi deyil, strateji sahələrdə əməkdaşlıq edilə biləcək ciddi dövlət kimi yanaşdığını göstərir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərin mina təhlükəsindən təmizlənməsi istiqamətində Almaniya texnologiyası və təcrübəsinin tətbiqi böyük praktiki əhəmiyyət kəsb edir.

Sənəddə iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və su resurslarının dayanıqlı idarə olunması xüsusi blok kimi yer alır ki, bu da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) ev sahibliyi etmiş Azərbaycan üçün vacib prioritetlərdəndir. Eyni zamanda, mədəniyyət, akademik mobillik, peşə təhsili və birgə elmi tədqiqatlar kimi humanitar və innovativ sahələr strateji tərəfdaşlığın canlı, insani bünövrəsini təşkil edir",-deputat vurğulayıb.

K.Bayramov bildirib ki, Almaniyanın bu praqmatik yanaşması Avropa İttifaqının bəzi digər ölkələrinin Azərbaycanla münasibətlərində tutduğu mövqelə kəskin təzad təşkil edir: "Qərəzli qətnamələr və dəyərlər pərdəsi altında təzyiq göstərməyə çalışan bəzi paytaxtlardan fərqli olaraq, Berlin qarşılıqlı fayda və suverenliyə hörmət prinsiplərinə üstünlük verir. Bu fərq xarici siyasət təfəkkürünün müxtəlifliyindən xəbər verir: bir tərəfdə daxili siyasi və diaspor maraqlarına söykənən yanaşma, digər tərəfdə isə bazarlara, resurslara və təhlükəsiz marşrutlara ehtiyacı olan sənaye nəhənginin soyuqqanlı, praqmatik hesabatı durur.
Beləliklə, imzalanmış sənədlər Azərbaycanın Avropa siyasətində müstəqil və nüfuzlu subyekt kimi təsbit olunduğunu, qarşılıqlı hörmətə əsaslanan modelin təzyiq siyasətindən daha səmərəli olduğunu və ölkəmizin sadəcə xammal mənbəyi deyil, gələcəyin enerjisi, sənaye kooperasiyası və Avrasiya logistikasında mühüm strateji tərəfdaş olduğunu nümayiş etdirir. Qaz kəməri ilə başlayan bu yol artıq daha geniş və əhatəli strateji tərəfdaşlıq zirvəsinə yüksəlmişdir".

Mürtəza

Mənbə: olke.az