ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur” - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır

ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur” -

Yaxın Şərq savaşı indi bu regiondan kənar ölkələrin də təhlükəsizlik və iqtisadi maraqlarına birbaşa neqativ təsir göstərir, ona görə də, rəsmi İrəvan bu hərbi münaqişənin uzanma ehtimalını ciddi geostrateji risk kimi qəbul edir... Əgər, Yaxın Şərq savaşı uzunmüddətli mərhələyə keçərsə, onda Ermənistan yalnız iqtisadi çətinliklərlə deyil, həm də, Cənubi Qafqazda dəyişən güc balansının yaradacağı mürəkkəb geopolitik reallıqlarla da üzləşməli olacaq...

ABŞ və İran arasında davam edən hərbi-siyasi qarşıdurmanın uzanma ehtimalı artıq yalnız Yaxın Şərq üçün deyil, Cənubi Qafqaz üçün də olduqca ciddi geostrateji nəticələr vəd edir. Xüsusilə də, Ermənistan bu hərbi-siyasi prosesləri böyük narahatlıqla izləyən ölkələrin sırasında yer alır. Rəsmi İrəvan hesab edir ki, əgər, Yaxın Şərq savaşı uzunmüddətli xarakter alarsa, bu, Ermənistanın xarici ticarət marşrutlarına, enerji təhlükəsizliyinə və ümumilikdə ölkənin regional geopolitik mövqeyinə neqativ təsirlər göstərə bilər. Və bu baxımdan, Yaxın Şərq ətrafında baş verən hadisələr Ermənistan üçün sadəcə, qonşu regionda yaşanan hərbi-siyasi böhran deyil, həm də birbaşa milli təhlükəsizlik probleminə çevrilməyə başlayıb.

Məsələ ondadır ki, Ermənistan Dövlət Gəlirləri Komitəsinin sabiq rəhbəri Davit Ananyan bu barədə açıqlama verərək, ABŞ-İran hərbi-siyasi qarşıdurmasının mümkün nəticələrinin bu ölkə üçün yaratdığı risklərə diqqət çəkib. Onun fikrincə, mövcud tendensiyalar onu göstərir ki, müharibənin qısa müddətdə başa çatacağına dair gözləntilər getdikcə zəifləyir və bu hərbi-siyasi prosesin uzunmüddətli qarşıdurmaya çevrilmə ehtimalı isə sürətlə artır. Və ona görə də, indi Ermənistanda Yaxın Şərq savaşının inkişaf istiqamətlərini böyük narahatlıqla izələyirlər.

13c4e18e-d7bb-4c27-8cf9-6e46b342b2f1.jpg (309 KB)

Digər tərəfdən, "The Economist" nəşrinin son təhlillərinə görə, Yaxın Şərq savaşı artıq ABŞ prezidenti Donald Tramp üçün yalnız xarici siyasət gündəliyinin bir hissəsi deyil. Çünki bu hərbi münaqişə eyni zamanda, həm də ABŞ daxilində siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib. ABŞ cəmiyyətində artıq getdikcə daha çox insan hesab edir ki, Ağ Evin bu müharibədə dəqiq müəyyən edilmiş məqsədləri, ölçülə bilən uğur meyarları və hərbi qarşıdurmadan çıxış strategiyası yoxdur. Və bu isə həm ictimai rəydə, həm də siyasi dairələrdə narahatlığı ciddi şəkildə artırır.

Ona görə də, indi ABŞ cəmiyyətində artıq müharibənin qalib və ya məğlub tərəfinin kim olacağından daha çox, bu savaşın nə qədər davam edəcəyi barədə müzakirələr daha çox üstünlük təşkil edir. Əgər, Ağ Ev bu münaqişəni uzatmaq məcburiyyətində qalarsa, onun neqativ təsirləri yalnız Yaxın Şərqlə məhdudlaşmayacaq, ətraf regionlara, o cümlədən də, Cənubi Qafqaza da yayılacaq. Və Ermənistan üçün isə ABŞ-la müharibə vəziyyətində olan İran həyati əhəmiyyət daşıyan tranzit dəhlizidir.

Təbii ki, ona görə də, Ermənistanın narahatlığının əsas səbəblərindən biri məhz bu ölkənin İranla iqtisadi və logistika əlaqələrinin geostrateji əhəmiyyət daşıması ilə bağlıdır. Çünki Ermənistan uzun illərdir ki, Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması səbəbindən, öz xarici ticarət marşrutlarını əsasən Gürcüstan və İran üzərindən qurmuşdu. Bu baxımdan, İran istiqamətində yaranan istənilən hərbi təhlükəsizlik problemi məhz Ermənistan iqtisadiyyatına da birbaşa təsir göstərmək potensialına malikdir.

b829647a-7fd9-423f-8661-ee33b265dda6.jpg (122 KB)

Maraqlıdır ki, rəsmi İrəvan Yaxın Şərq savaşının uzanacağı təqdirdə, Ermənistanın cənub istiqaməti üzrə nəqliyyat-kommunikasiya xətlərinin fəaliyyətinin iflic ola biləcəyi qənaətindədir. Üstəlik, yükdaşımaların bahalaşmasının, logistika xərclərinin artmasının və ticarət dövriyyəsinin zəifləməsinin Ermənistan iqtisadiyyatına sarsıdıcı zərbələr vuracağı da ehtimal olunur. Və bütün bunlarla yanaşı, qlobal enerji bazarında yaranan qeyri-sabitliyin yanacaq qiymətlərinin yüksəlməsinə, nəticədə isə Ermənistanda inflyasiyanın sürətlənməsinə səbəb ola biləcəyi də nəzərə alınır.

Eyni zamanda, iqtisadi baxımdan, onsuz da məhdud resurslara malik olan Ermənistan üçün belə bir təhlükəli ssenarinin həm dövlət büdcəsinə, həm də əhalinin sosial rifahına ciddi şəkildə mənfi təsir göstərə biləcəyi qətiyyən şübhə doğurmur. Xüsusilə də, Ermənistanın məhz idxaldan yüksək asılılığına paralel olaraq, üstəlik, nəqliyyat xərclərinin də artması bu ölkədə qiymətlərin ümumi yüksəlişini sürətləndirə bilər. Ancaq rəsmi İrəvan üçün iqtisadi risklərdən daha çox narahatlıq doğuran digər önəmli məsələ məhz Cənubi Qafqazda qüvvələr balansının ciddi şəkildə dəyişmə ehtimalıdır. Çünki Yaxın Şərq savaşının uzanması, hazırda Ermənistana xüsusi dəstək verən İranın Cənubi Qafqazdakı siyasi-diplomatik fəallığını da ciddi şəkildə zəiflədə bilər.

Digər tərəfdən, o da məlumdur ki, İran son illərdə regionda nəqliyyat-kommunikasiya layihələri, sərhəd təhlükəsizliyi və geopolitik tarazlığın qorunması məsələlərində mümkün olduqca fəal mövqe tutmağa çalışırdı. Xüsusilə də, Ermənistan üçün İran müəyyən mənada, regional balans yaradan əsas aktorlardan biri hesab olunurdu. Əgər, rəsmi Tehran bundan sonra bütün diqqətini ABŞ ilə hərbi münaqişəyə yönəltməli olsa, onda, Cənubi Qafqazda yaranacaq geopolitik boşluq məhz digər regional və qlobal güclərin bölgədə fəallığını daha da artıra bilər.

d85d6296-2a86-4e71-9f7c-ff0292c034e6.jpg (142 KB)

Məsələ ondadır ki, belə vəziyyətdə Türkiyə, Rusiya, ABŞ və Avropa Birliyi arasında Cənubi Qafqaz uğrunda geopolitik mübarizənin daha da güclənə biləcəyi qətiyyən istisna olunmur. Bu isə Ermənistanı istənilən halda, yeni və məcburi xarici siyasət seçimləri qarşısında buraxa bilər. Ona görə də, rəsmi İrəvan Yaxın Şərqdə baş verənləri artıq yalnız bu region ətrafında yaranmış hərbi-siyasi böhran kimi qiymətləndirmir. Çünki İrəvanda anlayırlar ki, Yaxın Şərq savaşının uzanması Cənubi Qafqazda regional nəqliyyat dəhlizlərinin taleyinə, enerji marşrutlarına, təhlükəsizlik mexanizmlərinə və iqtisadi əlaqələrə birbaşa neqativ təsir göstərəcək.

Bütün bunları nəzərə alan rəsmi İrəvan İranın zəifləməsinə paralel olaraq, Cənubi Qafqazda yeni geopolitik konfiqurasiyanın formalaşma ehtimalının ciddi olduğu qənaətindədir. Əgər, belə davam edərsə, onda, Ermənistanın həm xarici siyasət kursuna, həm də regional layihələrdə iştirak imkanlarına yenidən baxmasına ciddi zərurət də yarana bilər. Və bütün bunlar onu göstərir ki, ABŞ-İran müharibəsi artıq yalnız iki dövlət arasındakı silahlı münaqişə çərçivəsindən kənara çıxmağa başlayıb.

Göründüyü kimi, bu hərbi-siyasi böhran indi Yaxın Şərqdən kənarda yerləşən ölkələrin də təhlükəsizlik və iqtisadi maraqlarına birbaşa neqativ təsir göstərə biləcək faktorların sırasına daxil olub. Məhz ona görə də, rəsmi İrəvan bu savaşın uzanma ehtimalını ciddi geostrateji risk kimi qəbul edir. Əgər, Yaxın Şərq savaşı uzunmüddətli mərhələyə keçərsə, onda Ermənistan yalnız iqtisadi çətinliklərlə deyil, həm də, Cənubi Qafqazda dəyişən güc balansının yaradacağı mürəkkəb geopolitik reallıqlarla da üzləşməli olacaq. Və bu, o deməkdir ki, Yaxın Şərq böhranı Ermənistan üçün tədricən yeni “savaş meydanı”nın qurulması ilə nəticələnə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Mənbə: musavat.com