Pənah Hüseyn o sirri açdı: Raufa tənqid gətirən bəzi addımların müəllifi özü deyil, ilk dəfə...- VİDEO

Pənah Hüseyn o sirri açdı: Raufa tənqid gətirən bəzi addımların müəllifi özü deyil, ilk dəfə...- VİDEO

Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn Yeni Müsavat Media Qrupunun rəhbəri, tanınmış jurnalist Rauf Arifoğlunun 60 illik yubileyi münasibətilə geniş və səmimi təbrik ünvanlayıb.

Pənah Hüseyn çıxışında Rauf Arifoğlunun şəxsiyyəti, jurnalistikadakı fəaliyyəti, uzun illər ərzində birlikdə keçdikləri ictimai-siyasi yol, dostluqları və xatirələri barədə ətraflı danışıb.

Sabiq baş nazir bildirib ki, Rauf Arifoğlunun istedadını hər zaman yüksək qiymətləndirib:

“İstedadlı olduğunu bilir və bunu qəbul eləməyənləri də heç sevmir. Təcrübəli həyatında, məncə, Rauf Arifoğlunun istedadının çox kiçik bir hissəsi, kiçik bir payı reallaşıbdır. Yaxşı adamlardan fərqi azdır, pis adamlardan çoxdur.”

Pənah Hüseyn qeyd edib ki, Rauf Arifoğlunu ilk dəfə 1989-cu ildə tanıyıb və o zaman onun fərqli xarakteri diqqətini cəlb edib:

“1989-cu ildə mən onu ilk dəfə tanımışam və sözün doğrusu, heç ağlıma belə gəlmirdi ki, Tovuzdandır. Bilmirəm niyə, Tovuzluları da çox tanımırdım axı, amma mənə elə gəldi ki, bu, Maştağadandır. O vaxt rəhmətlik Hatəminin uşaqlarından biri kimi tanımışdıq. Amma istər Maştağalı olsun, istər Tovuzlu, görürük ki, nəsə fərqlidir.

Biz o vaxt Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü idik. Özümüz haqqında da çox yüksək düşünürdük. Sözün doğrusu, mənim diqqətimi o cəlb elədi ki, mənə elə gəldi ki, Rauf bəy bizim avtoritetimizi qəbul eləmək istəmir. Bu da bir fərqlilik idi. Sonra Rəsulzadədən diskussiya aparmağa başladı və ümumiyyətlə, Xalq Cəbhəsinə bir növ tənqidi yanaşmağa başladı. O heyranlıq, pərəstiş və yaxud fanat olmaq kimi yox… bu da bir fərq idi. Arxası çevrilməz adamdır və ən ağır vaxtlarımızda da, xeyrimizdə də, şərimizdə də Raufu tanımışıq. İkinci Rauf Arifoğlu yoxdur.”

Pənah Hüseyn məhkəmə prosesləri zamanı yaddaşında qalan ən təsirli hadisələrdən birini də bölüşüb:

“Həbsdə idik, daha doğrusu məhkəmə gedirdi. Ərhunu gətirdilər – oğlunu. O nəsə ‘ata’ dedi və Rauf bəy birdən-birə tam açıldı və danışır… Sən demə, səsin orda eşidib.”

O, çətin və xoş günlərdə Rauf Arifoğlunun davranışını həmişə diqqətlə izlədiyini vurğulayıb:

“Yaxınlarımın dəfnində yanımda görəndə, şad günlərimizdə yanımda görəndə, nərddə uduzanda… Ən çox xatırladığım, ən ağır vaxtlarda özünü itirməməsi olub. Mən özüm də ağır vaxtlarda özümü itirmərəm. O bayaq dediyiniz fərqli və oxşar cəhətlər… mən də ona oxşayıram, onda mənə oxşar cəhətlər görəndə bu məsələlər yadda qalır.”

Sabiq baş nazir Rauf Arifoğlunun Azərbaycan mətbuatındakı yerini də xüsusi vurğulayıb:

“Bilirsiniz, Rauf bəy mətbuatın, Azərbaycan jurnalistikasının ‘diri şəhidləri’ndən biridir. O dərəcədə özünü bu işə həsr edib. Sözün doğrusu, ən son dövr – söhbət keçən əsrin sonu və indiki yaşadığımız günlər daxil – mən onun xalq naminə, dövlət naminə, ümumi prinsiplər və ideyalar naminə fəaliyyəti ilə yanaşı, jurnalistika və mətbuat üçün, jurnalistlər üçün necə fərqli bir şəkildə təəssübkeşlik etdiyini, bir növ yandığı və özünü də yandırdığı anları görmüşəm. O tam fərqli, heç yaddan çıxmayan Rauf Arifoğlunu da görmüşəm.”

Pənah Hüseyn ailə münasibətlərindən danışaraq bildirib:

“Əlbəttə ki, evində bizləri qonaq qəbul edəndə və övladının toyunda unudulmaz anlar çox olub. Adam özü kimi xatırlayırsa, deməli, bu da həmin şəxslə yaxınlığa dəlalət edən bir məsələdir. Çox istəyirəm ki, bir subay qızı, bir oğlu var, onların toyunda da Dünyaxanımın toyunda olduğu kimi iştirak edək. Çoxlu nəvələr arzu edirəm ona, hamısı da Rauf Arifoğluna və Xoşqədəm xanıma oxşasınlar.”

O, 60 yaş münasibətilə də səmimi arzularını dilə gətirib:

“60 yaş əslində çox deyil. Rəhmətlik Üzeyir Hacıbəyovun məşhur sözü var idi: ‘Mən bilsəydim ki, 50 yaş heç nə imiş, bu 5-10 ili belə etməzdim’. 60 yaş cavan yaşdır. Biz indi 70-ə yaxınlaşırıq və bizim nəzərimizdə bu, doğrudan da belədir. Hələ Rauf Arifoğlunun görə biləcəyi, edə biləcəyi, həyata keçirə biləcəyi çox məsələlər var. Arzularını da az-çox bilirəm; istər ictimai həyatda, istər şəxsi ailə həyatında onları həyata keçirə bilsin, qismət olsun. Allahdan təvəna edirik.”

Pənah Hüseyn çıxışında diqqətçəkən bir məqama da toxunaraq indiyədək açıqlamadığı bir sirri bölüşüb:

“Bir sirri də deyim: bu gün Rauf Arifoğluna tənqid gətirən bir sıra addımları, əməlləri olub ki, onların müəllifləri başqalarıdır, biri də mənəm. Amma heç kəs bilməyib ki, hansısa hərəkətə görə Rauf Arifoğlunu ‘möhkəm döşəyirlər’, amma onun müəllifi heç də təkcə onun özü deyil. Bunlar da zamanla təmizlənəcək.”

Sonda isə o, yubilyara ən xoş arzularını çatdırıb:

“Lap axırda nə deyə bilərik? Adətən bu cür yubileylərdə – indi 60-dır – bir 60 da arzulamaq mütləq lazımdır. Mən bunu istəyirəm, qalanını Cənab Allah özü məsləhət bilər.”


Mənbə: musavat.com