“Sual Tural Sadıqlıdan çox-çox böyükdür”

“Sual Tural Sadıqlıdan çox-çox böyükdür”

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Tural Sadıqlının mənsub olduğu “mühacir bloqqerlər komandası”nın qapısına tam “9-luq”dan bir qol vurdu.

Qol o qədər möhtəşəmdir ki, çək-çevir etməyin yeri yoxdur. Azacıq obyektivlik anlayışına malik olan hər kəs Hikmət Hacıyevin öncə bir qədər aralıdan səslənməsinin, sonra təmkinlə və qarşı tərəfin gözləmədiyi şəkildə mühacirə yaxınlaşmasının, salamlaşmasının, spontan bir şəraitdə və təxminən 2 dəqiqə ərizində Tural Sadıqlını, sözün əsl mənasında, ifşa etməsinin arxasındakı səriştə, intellekt, haqqaniyyət fərqlərini görməyə bilməz.

Zira, mən bu hadisəyə, belə deyək, ayaqüstü bir polemikadan daha geniş müstəvidə baxmağın tərəfdarıyam.

Vətənə xəyanət necə gedir?- Hikmət Hacıyevun bu sualı, əslində, Tural Sadıqlının kiçik çapından daha geniş hədəf qruplara malikdir.

Respublikamızın Konstitusiyasının 74-cü maddəsinin I hissəsində "Vətənə sədaqət müqəddəsdir" müddəası yer alıb. Bu müddəa hüquq nəzəriyyəsində deklarativ norma hesab olunur və vətənə sədaqəti dövlətin əsas konstitusion dəyərlərindən biri kimi ifadə edir.

Hüquq nəzəriyyəsinə görə, deklarativ normalar cəmiyyətin hüquqi ideallarını, dəyərlərini və istiqamətləndirici prinsiplərini ifadə edir. Onlar birbaşa sanksiya müəyyən etməsələr də, hüquq sisteminin mənəvi və ideoloji dayaqlarını formalaşdırırlar.

Bu mənada “Vətənə sədaqət müqəddəsdir” norması vətəndaşla dövlət arasındakı hüquqi bağlılığın ən ali konstitusion dəyəri kimi çıxış edir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində isə, “dövlətə xəyanət” anlayışından istifadə olunur.

Başqa sözlə, Konstitusiyada işlədilən “vətənə sədaqət” anlayışı ilə Cinayət Məcəlləsindəki “dövlətə xəyanət” anlayışı eyni hüquqi kateqoriya deyil.

Birincisi konstitusion dəyəri və prinsipi ifadə edir, ikincisi isə konkret cinayət əməlidir.

Dövlətə xəyanət hallarını aşkarlamaq və dövlətə xəyanət edənləri mühakimə etmək hüquq-mühafizə orqanlarının, məhkəmənin işidir.

“Vətənə xəyanət” isə Konstitusiyada təsbit edilmiş “vətənə sədaqət” məfhumuna zidd davranışlardır və mənəvi, ictimai, siyasi qiymətləndirməyə açıqdır.

Odur ki, “vətənə xəyanət necə gedir” sualı tək bir nəfərə deyil, bütövlükdə “vətənə sədaqət” anlayışını Azərbaycana qarşı fəaliyyət göstərən mərkəzlərin maraqlarına qurban verən hər kəsə ünvanlanmış saymaq olar.

Kimlər Azərbaycanın milli strateji ideallarına deyil, bilərəkdən və ya bilməyərəkdən başqa dövlətlərin geosiyasi mənfəətlərinə xidmət edirsə, bir gün bu suala cavab mütləq onlardan da üzbəüz soruşulacaq.

O kəslərdən cavab soruşulacaq ki, yeni dünya nizamının qurulması prosesinə müstəqil, ərazi bütövlüyünü bərpa etmiş və geopolitik orta gücə çevrilmiş respublika kimi qatılan Azərbaycanın dövlətçilik narrativlərini zədələməyə çalışırlar. Şuşaya son səfərində prezident İlham Əliyev bu barədə açıq danışdı. Dövlət başçısı bildirdi ki, bəzi ölkələr Azərbaycanın müstəqil siyasət yürütmək əzmini qəbul etmir. İkinci Qarabağ Savaşında Azərbaycanın qazandığı tarixi qələbəni BMT TŞ-nın üzvü olan nəhəng dövlətlərə qəbul etdirmək heç də asan olmadı.

Nəhəng dövlətlərin Azərbaycana münasibəti təxminən bu cür idi: Axı siz kimsiniz ki, bizim iradəmizin ziddinə öz ərazi bütövlüyünüzü bərpa edir, dünyanın geopolitik laylarını yerindən oynadırsınız?

Savaşdan öncə Azərbaycan ordusunun qalib gəlmək potensialının olmadığını iddia edənlər vardı. Savaşdan sonra qələbəmizi müxtəlif xarici güclərin adına çıxdılar. Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşması üçün misilsiz əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin açılmasına 44 günlük müharibədən keçən illər ərzində imkan verilmədi. Rusiyanın bir müddət Xankəndidəki seperatçı rejimi qorumaq, son parlament seçkilərində Ermənistanda revanşistləri iqtidara gətirmək üçün hansı hoqqalar çıxardığını xatırlatmağa, zənnimcə, ehtiyac yoxdur. Avropa “müşahidəçilər” adı altında casuslarının əlinə durbin verib sərhədimizə göndərdi. Həftə yeddi, SEPAH səkkiz, İran qarşımıza “qırmızı cizgilər” çəkdi. Azərbaycanın bütövləşməsi üçün tarixi fürsət yaradan ABŞ-İran savaşının gedişatına və nəticələrinə Zəngəzur dəhlizindən baxmayan hər kəsin vətənə sədaqəti şübhəlidir.

O kəslərdən cavab soruşulacaq ki, Azərbaycan xalqının vahidliyini, milli həmrəyliyimizi birbaşa və dolayı yollarla hədəfə alırlar, etnik, dini və başqa identiklikləri Azərbaycan vətəndaşının konstitsion kimliyindən qabağa qoymağa çalışırlar. Dəfələrlə yazmışam, bir daha təkrar edim. Rusiya prezidenti Vladimir Putinin Kremlin saytında Ukrayna əleyhinə yazılmış məqaləsindəki tezislərin məzmununu ölkəmizin ictimai düşüncə sisteminə daxil etmək istəyənlər müxtəlif cildlərdə, amma koordinasiyalı bir şəkildə hərəkət edirlər. Orta çağlarda Azərbaycanı birləşdirmiş, Təbrizi paytaxta çevirmiş və qüdrətli bir imperiya yaratmış Şah İsmayıl Xətaini “faşist” adlandıranların, tarixi dialektikanın dinamikasını və qanunlarını heçə sayaraq eynilə saxtakar erməni tarixçiləri kimi Azərbaycan tarixinin 1918-ci ildə başladığını iddia edənlərin, xalqımızın istiqlal amalına qarşı fəaliyyət göstərmiş Nəriman Nərimanovun, Əliheydər Qarayevin, Mirzə Davud Hüseynovun izi ilə “şimal yolu” ilə gedənlərin, Azərbaycan dilinin unikallığını və rəsmi statusunu hələ də qəbul etməyənlərin fəaliyyəti də, zənnimcə, vətənə xəyanət çərçivəsindədir.

O kəslərdən cavab soruşulacaq ki, Azərbaycanda pozitiv elmi düşüncənin meydanını fanatizm, populizm, radikalizm qarşısında daraltmaqla cəmiyyəti tərəqqi yolundan sapdırmağa çalışırlar. 21-ci əsrdə dövlətlərin sərvəti təkcə neft, qaz, qiymətli metallar deyil. Ən böyük milli sərvət insan beynidir. Yeni azərbaycanlı nəslinin beyninə elmi biliklər yox, xürafat dolduranların, gənclərimizi kainatı sorğulayan zəka sahibi olmağa yox, xarici ideoloji təsirlər altında müti və itaətkar tiplər olmağa çağıranların, necə deyərlər, dabbaqda gönlərinə də bələdəm. Heç birinin ideoloji oriyentasiyasının mərkəzində “Azərbaycan” anlayışı dayanmır. Güneydəki soydaşlarımızın öz milli müqəddəratını təyin etmə haqqını dananlara fikir verin, əslində, “Azərbaycan” anlayışını az qala süngü ilə qarşılayırlar. İçlərində bir nəfər də olsun elmi dünyagörüş sahibi yoxdur. Elmi titul daşıyıcısı olmaq, hələ elmi dünyagörüş sahibi olmaq demək deyil. Elmi inkar edən cəmiyyətlər innovasiya yarada, innovasiya yaratmayan cəmiyyətlər isə müasir dünyada rəqabət apara bilməz. İrandan Azərbaycana ixrac olunan narkotik vasitələr nə qədər təhlükəlidirsə, oradan, Səudiyyə Ərəbistanından, Türkiyədən və digər ölkələrdən ixrac olunan qeyri-ənənəvi cərəyanlar da ən azı uyuşdurucu qədər risklidir. Ölkəmizdə formalaşmış ənənəvi konfessiyaların balansınının pozulması bir sonrakı mərhələdə Azərbaycan dövlətçiliyinin konstitusion təməllərini sarsıtmağa hazırlıqdır.

Bəli, Azərbaycan Konstitusiyası “vətənə sədaqət müqəddəsdir” deyərkən, əslində, hər bir vətəndaşa hətta Azərbaycanı tərk etmiş olsa da, ömürlük bir sual ünvanlayır: sən kimə xidmət edirsən- Vətənə, yoxsa Vətənini bölənlərə, parçalayanlara, qüdrətdən məhrum etməyə, tərəqqidən sapdırmağa çalışanlara?

Hikmət Hacıyev məhz bu sualı ucadan səsləndirdi.

Sual Tural Sadıqlıdan çox-çox böyükdür.

Dəfələrlə böyük!

Mənbə: qafqazinfo.az