Ermənistan Baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan son telefon danışığında birinci ikincidən erməni mənşəli malların Rusiya bazarlarına ixracına qoyulan qadağalardan narahatlığını ifadə edib.
Bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan vurğulayıb ki, Ermənistan mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlər Ermənistan-Rusiya hüquqi çərçivəsinə və Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına ziddir.
Bu əsasda da o, problemin tənzimlənməsi üçün tədbirlər görülməsini xahiş edib.
Qeyd edək ki, Rusiya bir neçə aldır ki, Ermənistandan ixrac olunan kənd təsərrüfatı, içki, meyvə və balıq məhsulalrına qadağa qoyub.
Görəsən, Putin Paşinyanın xahişinə müsbət cavab verəcəkmi?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin(SHAM) rəhbəri Xəyal Bəşirov "Bakupost"a bildirib ki, Rusiya tərəfi sözügedən məhdudiyyətlərin qoyulmasının Avrasiya İqtisadi İttifaqın qaydalarına zidd olduğunu gözəl anlayır:
“Hətta Moskva bu məhdudiyyətlərin qoyulmasının məqsədini də açıq şəkildə bəyan edib. Ermənistan Aİİ-də təmsil olunsa da, Avropa İttifaqına (Aİ) inteqrasiyaya da can atır. Bu əsasda da Rusiya Ermənistanın “iki stuldan birini” seçməli olduğunu bəyan edib”.
Ekspert qeyd edir ki, Avropa hələlik Ermənistanın düşdüyü çətinliklərinin qarşılığını tam olaraq verə bilmir:
“Paşinyan isə qoyulan məhdudiyyətlər fonunda Ermənistan iqtisadiyyatını düşdüyü çətinliklərdən çıxarmaq üçün çıxış yolları arayır. Hazırda Avropanın özünün kifayət qədər ciddi problemləri var. Ukrayna müharibəsi fonunda özünü göstərən enerji böhranı, iqtisadiyyatdakı çətinliklər Avropanın özünü çətin duruma salıb. Bu baxımdan düşünürəm ki, Ermənistana kifayət qədər yardım etmək hələlik Aİ üçün prioritet deyil. İndiki mərhələdə onlar Ermənistana müəyyən yardımlar edir. Amma bu yardımlar Rusiyanın qoyduğu məhdudiyyəyləri tam qarşılamaq gücündə deyil. Nəticədə İrəvan ciddi çətinliklərlə üz-üzə qalır”.
Mövcud vəziyyətdə müsahibimizə görə, Paşinyan manevr etməyə məcburdur:
“Belədə, Ermənistan həm Rusiyanın, həm də Avropanın nazı ilə oynamağa çalışır. Ona görə də Paşinyan manevr edir”.
Həmsöhbətimiz Putinin Paşinyanın xahişinə müsbət cavab verəcəyini düşünmür:
“Moskva İrəvanı cəzalandırmaq üçün hələ bundan sonra da belə addımlarını davam etdirəcək. Hələ o, Paşinyanı seçkilərdə qələbə münasibətilə təbrik etməyib. Ola bilsin, Putin Ermənistanın Rusiyadan tam uzaqlaşmaması üçün müəyyən vədlər də versin. Amma Paşinyanın xahişinə uyğun konkret addımlara keçməyəcək”.
Rüfət Sultan
Mənbə: www.bakupost.az