Türkiyə hökuməti ölkəni istehsal, logistika, ticarət, tranzit və texnologiya üzrə regional mərkəzə çevirmək üçün qətiyyətli addımlar atır.
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə bildirib.
Onun sözlərinə görə, Ankara bölgədəki böhranlara və eskalasiyalara baxmayaraq inkişaf etməkdə davam edir.
“Xarici sarsıntıların mənfi nəticələrini minimuma endirmək üçün bütün lazımi addımlar atılır”, - deyə o, “Terrorsuz Türkiyə” təşəbbüsünün məqsədlərinə nail olmağı prioritetlərdən biri adlandırıb.
Dövlət başçısı qeyd edib ki, onilliklər ərzində davam edən terrorizmə qarşı mübarizənin nəticəsində ölkəyə 2,3 trilyon dollar ziyan dəyib: “Əminəm ki, bu təhlükənin tamamilə aradan qaldırılması ilə Türkiyə iqtisadi inkişafda yeni bir sıçrayışa nail olacaq”.
Prezident həmçinin “Terrorsuz Türkiyə” təşəbbüsünün məqsədlərinə çatmağı hədəfləyən müvafiq qanun layihəsinin tezliklə parlamentə təqdim olunacağını da açıqlayıb.
Mənbə: unikal.az