Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankaranın Kipr türklərinin suveren bərabərliyi və beynəlxalq statusu kimi xarakterizə etdiyi prinsiplər tanınmadan Kipr münaqişəsinin nizamlanmasına yönəlmiş istənilən cəhd uğursuz olacaq.
Bu barədə AFP agentliyi məlumat yayıb.
Bəyanat BMT-nin Baş katibi Antonio Quterreşin Kiprə səfərindən sonra verilib. Baş katib səfər çərçivəsində Kipr Respublikasının Prezidenti Nikos Xristodulidis və Kipr türklərinin lideri Tufan Erhürman ilə görüşlər keçirib. Danışıqların məqsədi 2017-ci ildə uğursuzluğa düçar olmuş sülh prosesini yenidən bərpa etmək olub.
"Kipr məsələsini iki icma arasında hakimiyyət bölgüsü ilə bağlı sadə mübahisəyə endirmək olmaz. Problemin əsasında Kipr türk xalqının suveren bərabərliyinin və beynəlxalq statusunun tanınması dayanır", – deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Şərqi Aralıq dənizində Kipr türklərinin "suveren bərabərliyini, ayrılmaz hüquqlarını və qanuni maraqlarını" nəzərə almayan heç bir təşəbbüs uğur qazana bilməz.
Ərdoğan vurğulayıb ki, Türkiyə Kipr türklərinə dəstəyini davam etdirəcək və onların maraqlarını "nəyin bahasına olursa-olsun" müdafiə edəcək.
"Biz heç vaxt onların keçmişdə yaşadıqları əzabları yenidən yaşamalarına imkan verməyəcəyik", – deyə Türkiyə Prezidenti əlavə edib.
Ərdoğan həmçinin bildirib ki, Ankara Kiprin "yeni hərbi strukturlara və geosiyasi hesablamalara" cəlb edilməsi cəhdlərini diqqətlə izləyir.
“Turkish Minute” nəşrinin qeyd etdiyi kimi, bu bəyanat, görünür, Kipr Respublikasının Yunanıstan və İsraillə müdafiə sahəsində əməkdaşlığını genişləndirməsi ilə bağlıdır.
Quterreş iki kiprli icmanın liderləri ilə görüşlərdən sonra bildirib ki, Kiprlə bağlı razılığın əldə olunması təkcə adanın sakinləri üçün deyil, həm də Şərqi Aralıq dənizi regionunda sabitlik baxımından "son dərəcə vacibdir".
BMT-nin Baş katibinin sözlərinə görə, tərəflər prinsip etibarilə yunan və türk icmalarının liderlərinin, eləcə də üç təminatçı ölkənin – Türkiyə, Yunanıstan və Böyük Britaniyanın iştirakı ilə yeni geniş tərkibli görüşün keçirilməsinə razılıq veriblər. Lakin onun fikrincə, danışıqların növbəti nəticəsiz mərhələsinin qarşısını almaq üçün əlavə hazırlıq işləri görülməlidir.
Türkiyə Xarici İşlər Nazirliyi Quterreşin səylərini alqışlasa da, tərəflər arasında hələlik ümumi mövqenin formalaşmadığını bəyan edib. Ankara bir daha yunan kipr tərəfini "qeyri-çevik mövqe" tutmaqda ittiham edərək bildirib ki, münaqişənin həlli üzrə əvvəlki modellər artıq öz aktuallığını itirib.
Türkiyə hesab edir ki, "ədalətli, hərtərəfli və davamlı" razılaşma yalnız tərəflərin bərabərliyi və Kipr türklərinin beynəlxalq statusunun tanınması əsasında mümkündür.
Kipr 1974-cü ildən bölünmüş vəziyyətdədir. Həmin il Türkiyə adanı Yunanıstanla birləşdirmək məqsədilə təşkil olunmuş dövlət çevrilişindən sonra adaya qoşun yeridib. Adanın şimal və cənub hissələri arasında BMT-nin nəzarəti altında olan bufer zona fəaliyyət göstərir.
1983-cü ildə adanın türk hissəsi Şimali Kipr Türk Respublikasının yaradıldığını elan edib. Bu qurumu yalnız Türkiyə tanıyır. Ankara adanın şimalında əhəmiyyətli hərbi mövcudluğunu saxlayır. Kipr Respublikası 2004-cü ildə Avropa İttifaqına üzv olsa da, Aİ qanunvericiliyinin tətbiqi adanın şimal hissəsində dayandırılıb.
Mənbə: publika.az