Bu gün Azərbaycanla Qırğızıstanın altı şəhəri qardaşlaşıblar. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanmış sənədlər arasında bununla bağlı müvafiq memorandumlar imzalanıb. Sənədlərə görə, Şuşa şəhəri ilə Çolpon-Ata, Qəbələ ilə Karakol, Gəncə ilə Oş şəhəri qardaşlaşıblar.
Bu, Azərbaycan praktikasında yeni hadisə deyil. Bəs şəhərlər niyə qardaşlaşır? Və bu əməkdaşlığın real mahiyyəti nədir?
Qeyd edim ki, şəhərlərin qardaşlaşması uzun illərdir ki, beynəlxalq əməkdaşlığın ən geniş yayılmış formalarından biri hesab olunur. Dünyanın müxtəlif ölkələrində yerli idarəetmə orqanları dostluq, təcrübə mübadiləsi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafı məqsədilə qardaş şəhər sazişləri imzalayırlar. Burada əsas məqsəd iqtisadi, mədəni, təhsil, turizm, ekologiya, şəhərsalma və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməkdir.
Tarixə ekskursiya
Qardaşlaşma missiyasının tarixi İkinci Dünya müharibəsindən sonra - 1957-ci ildən başlayır. Məqsəd müharibədən sonra ölkələr arasında dostluq körpüləri qurmaq, böhranı sabitliklə əvəzləmək olub. Elə həmin il Fransada Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası yaradılıb. Bu günə qədər Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasına 4 000-dən artıq şəhər üzv olub. Onlar arasında Azərbaycanı təmsil edən şəhərlər də var. Bakı və Sumqayıt isə bu siyahıda liderlik edir. Paytaxtımız 1978-ci ildən etibarən Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasının üzvüdür və Dakar (Seneqal), İzmir (Türkiyə), Neapol (İtaliya), Təbriz (İran), Hyuston (ABŞ), Bəsrə (İraq), Sarayevo (Bosniya və Herseqovina) Vunqtau-Kondao (Vyetnam) ilə qardaşlaşmış şəhər statusundadır.
Şəhərlərin qardaşlaşması sakinlər üçün hansı üstünlüklər vəd edir?
Əgər qardaşlaşmış şəhərlər arasında münasibətlər aktiv şəkildə inkişaf etdirilərsə, turizmin canlanması, yerli sahibkarlar üçün yeni bazarlara çıxış imkanları, investisiya layihələrinin cəlb edilməsi, tələbə və gənclər üçün mübadilə proqramlarının genişlənməsi, mədəni tədbirlərin və beynəlxalq festivalların artması üçün zəmin yaranır və yerli sakinlər üçün əlverişli imkanlar yaradır.
Beynəlxalq təcrübə şəhərlərin qardaşlaşmasına necə yanaşır?
Dünyada minlərlə qardaş şəhərlər mövcuddur. Məsələn, bir sıra Avropa şəhərləri qardaşlaşma çərçivəsində məktəblər arasında mübadilə proqramları həyata keçirir, ortaq mədəniyyət festivalları təşkil edir və Avropa İttifaqının qrant layihələrində birlikdə iştirak edirlər. Həmçinin ABŞ, Yaponiya, Cənubi Koreya və Çin şəhərləri bu mexanizmdən iqtisadi əməkdaşlıq, yüksək texnologiyaların və turizmin inkişafı məqsədilə istifadə edirlər.
Azərbaycanda bu mexanizm hansı prinsiplər əsasında işləyir?
Ölkəmizdə şəhərlərin qardaşlaşmasını tənzimləyən xüsusi qanun yoxdur. Belə əməkdaşlıq, adətən, yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri və tərəflər arasında imzalanan memorandumlar əsasında həyata keçirilir. Beynəlxalq praktikada da qardaş şəhər münasibətləri, əsasən, məcburi hüquqi öhdəlik yaratmayan əməkdaşlıq sazişləri hesab olunur. Onların icrası tərəflərin sonrakı fəaliyyətindən asılı olur. Real nəticə isə memorandumun imzalanmasından sonrakı dövrdə həyata keçirilən konkret layihələr, investisiyalar, təhsil proqramları, turizm təşəbbüsləri və mədəni əlaqələrlə ölçülür. Bütün bunlar da gələcək perspektivdə şəhərlərin inkişafı üçün əlavə imkanlar aça bilir.
Mənbə: oxu.az