Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım

Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım

Qırğızıstanın İssık-Kul gölünün sahilində yerləşən Çolpon-Atada Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi məsləhətləşmə görüşü baş tutub. Zirvə görüşü iştirakçıları çoxtərəfli münasibətlərin möhkəmləndirilməsi, həmçinin iqtisadi və regional əməkdaşlığın genişləndirilməsi üçün perspektivli sahələri müzakirə ediblər.

Qırğızıstanda keçirilən qeyri-rəsmi Mərkəzi Asiya-Azərbaycan sammiti, ölkəmizin sözügedən regionun ölkələri ilə əməkdaşlığın institusionallaşdırılmasına sadiqliyini sərgiləyir. Son illərdə Azərbaycanın Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanla qarşılıqlı əlaqəsi ortaq iqtisadi maraqlar, nəqliyyat marşrutlarının inkişafı və türk inteqrasiya mexanizmlərinin intensivləşməsi nəticəsində əhəmiyyətli dərəcədə güclənib.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdəki çıxışında Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin rəsmi Bakının xarici siyasətinin prioriteti olduğunu vurğulayıb.

Qırğızıstanda baş tutan görüşün qeyri-rəsmi xarakter daşımasına baxmayaraq, dövlət başçılarının regional əməkdaşlığın gələcək inkişafını formalaşdıran geniş strateji məsələləri ətrafında müzakirələr aparıblar.

Əsas mövzulardan biri Çini, Mərkəzi Asiya ölkələrini, Xəzər regionunu, Cənubi Qafqazı və Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı olub.

Müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu infrastrukturu və Bakı-Tbilisi-Qars dəhlizi sayəsində Azərbaycan bu marşrutun əsas nəqliyyat mərkəzi hesab olunur. Orta Asiya ölkələri üçün Orta Dəhlizin imkanlarının genişləndirilməsi onlara ixrac marşrutlarını şaxələndirməyə və ənənəvi yük daşıma marşrutlarından asılılığı azaltmağa imkan verir.

Bu kontekstdə tədbir çərçivəsində nəqliyyat infrastrukturunun tutumunun artırılması, gömrük prosedurlarının rəqəmsallaşdırılması, vahid tarif siyasətinin formalaşdırılması, Xəzər dənizi üzərindən multimodal nəqliyyatın inkişafı kimi məsələlərin müzakirə edilib.

Eyni zamanda, enerji təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib. Bu müstəvidə Mərkəzi Asiya ölkələrinin elektrik enerjisi ixracı, bərpa olunan enerji layihələrinin inkişafı, “Yaşıl enerji dəhlizlərinin” yaradılması, Azərbaycanın regionun enerji ehtiyatlarının Avropa bazarlarına daşınmasında iştirakı mövzuları xüsusi maraq doğurur. Qeyd edək ki, COP29-dan bəri iqlim və yaşıl enerji gündəliyini fəal şəkildə təşviq edən Azərbaycan bu sahədə əməkdaşlığı ən perspektivli sahələrdən birinə çevirir.

Mərkəzi Asiya və Azərbaycan məsləhətləşmələrində sözsüz ki, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi də böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, qeyri-rəsmi sammit çərçivəsində ticarət maneələrinin aradan qaldırılması, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, sənaye sektorunda əməkdaşlıq, birgə müəssisələrin yaradılması və sərmayə sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biridir.

Qırğızıstanda keçirilən son regional forumlar regionun sənaye əməkdaşlığının, birgə müəssisələrin və investisiya layihələrinin inkişafına davamlı marağını nümayiş etdirir.

Son illərdə region ölkələri iqtisadiyyatın rəqəmsal transformasiyasına artan diqqət yetirirlər. Bu klasterə rəqəmsal dövlət xidmətləri, süni intellekt, İT sənayesinin inkişafı, elektron ticarət və kibertəhlükəsizlik komponentləri daxildir. Yeri gəlmişkən, bu mövzu artıq türk dövlətləri arasında əməkdaşlıq çərçivəsində mərkəzi mövzulardan birinə çevrilib.

Görüşdə su ehtiyatlarından səmərəli istifadə, iqlim dəyişikliyinə uyğunlaşma, şəhralaşma ilə mübarizə, “Yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi, ətraf mühit təşəbbüslərinə də toxunulub. Çünki bu məsələlər Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün getdikcə daha aktuallaşır.

Qeyd edək ki, Mərkəzi Asiya-Azərbaycan formatı həm regionun özü, həm də bütövlükdə Avrasiya məkanı üçün strateji əhəmiyyətə malikdir.

Əvvəla, bu, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid nəqliyyat və iqtisadi məkanın formalaşmasına ciddi zəmin yaradır. Azərbaycan Xəzər regionu ilə Avropa bazarları arasında təbii körpü rolunu oynayır, Mərkəzi Asiya dövlətləri isə xarici ticarətlərini şaxələndirmək üçün əlavə imkanlar qazanır.

İkincisi, əməkdaşlıq region ölkələrinin iqtisadi dayanıqlığını gücləndirir. Birgə infrastruktur layihələri, logistikanın inkişafı, sənaye əməkdaşlığı və investisiya əməkdaşlığı milli iqtisadiyyatların rəqabət qabiliyyətini artırmağa kömək edir.

Üçüncüsü, enerji tərəfdaşlıqlarını gücləndirir. Azərbaycan inkişaf etmiş enerji ixrac infrastrukturuna, Mərkəzi Asiya ölkələri isə hidroenerji, qaz və bərpa olunan enerji sahələrində əhəmiyyətli potensiala malikdir.

Dördüncüsü, qarşılıqlı əlaqə rəqəmsal iqtisadiyyatın inkişafını, müasir texnologiyaların tətbiqini və innovasiyaların mübadiləsini təşviq edir.

Beşincisi, bu format iştirakçıların beynəlxalq mövqeyini gücləndirir. Nəqliyyat, enerji və iqlim məsələləri üzrə birgə mövqelər Avropa İttifaqı, Çin, Türkiyə və digər xarici tərəfdaşlarla münasibətlərdə regional dövlətlərə kart-blanş verir.

Bu baxımdan, Qırğızıstanda baş tutmuş qeyri-rəsmi Zirvə Görüşü isə bu yöndə atılacaq növbəti mühüm addımlardan biridir. Qeyri-rəsmi Məşvərət Zirvəsindən sonra Orta Asiya və Azərbaycan dövlət başçılarının imzaladıqları Çolpon-Ata Bəyannaməsi öz növbəsində tərəflərin regional əməkdaşlığı dərinləşdirmək, nəqliyyat dəhlizlərini inkişaf etdirmək, enerji təhlükəsizliyini gücləndirmək və iqlim problemlərinə birgə cavab vermək niyyətini rəsmiləşdirib.

Mənbə: qafqazinfo.az