“Fox News” məlumat yayıb ki, “Dövlət Departamenti 22 iyulda Konqresə məktub göndərərək Türkiyənin hələ də F-35 qırıcı təyyarələrinin satışı üçün lazım olan tələbləri yerinə yetirmədiyini bildirib”.
Məktubda bildirilir ki, ABŞ qanunları Ankaranın Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinə və əlaqəli avadanlıqlara sahib olduğu müddətcə, eləcə də gələcəkdə onları almamaq öhdəliyi götürənə və “Konqres tərəfindən müəyyən edilmiş digər sertifikatlaşdırma tələblərinə” cavab verənə qədər F-35-lərin Türkiyəyə verilməsini qadağan edir.
Türkiyənin hələ də bu şərtlərə cavab vermədiyi, ona görə də F-35-lərin satışının mümkün olmadığı vurğulanır.
Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi son məktub göstərdi ki, Vaşinqtonun Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı mövqeyi hələ də dəyişməyib:
“Rəsmi açıqlamaya görə, Ankara Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemindən tam imtina etməyənə və ABŞ qanunvericiliyində nəzərdə tutulan digər şərtləri yerinə yetirməyənə qədər F-35-lərin Türkiyəyə verilməsi mümkün deyil.
Bu qərar göstərir ki, məsələ artıq yalnız hərbi-texniki xarakter daşımır. F-35 böhranı Türkiyə-ABŞ münasibətlərində siyasi problemə çevrilib. Donald Tramp administrasiyası Ankara ilə münasibətləri normallaşdırmağa maraq göstərsə də, ABŞ Konqresi və qanunvericilik sistemi S-400 məsələsində geri addım atmır. Bu isə prezidentin siyasi iradəsinin hüquqi məhdudiyyətlərlə üzləşdiyini göstərir.
Digər tərəfdən, Türkiyə üçün də S-400 sistemindən imtina etmək asan deyil. Belə addım həm Rusiya ilə münasibətlərə mənfi təsir göstərə, həm də Ankaranın müttəfiqləri arasında etibarını zəiflədə bilər. Buna görə də Türkiyə paralel şəkildə öz milli döyüş təyyarəsi olan KAAN layihəsini inkişaf etdirir. Bununla da müdafiə sahəsində xarici asılılığı azaltmağa çalışır.

Mütəllim Rəhimli
Belə görünür ki, F-35 məsələsi yaxın perspektivdə həll olunacaq problem deyil. ABŞ hüquqi qadağaları aradan qaldırmadığı, Türkiyə isə S-400 məsələsində mövqeyini dəyişmədiyi halda tərəflər arasında kompromis olmayacaq. Bu proses NATO daxilindəki fikir ayrılıqlarını da dərinləşdirəcək. Eyni zamanda Ankaranı müdafiə sənayesində daha müstəqil yol seçməyə sövq edəcək. Buna görə də F-35 böhranı təkcə silah alışı ilə bağlı mübahisə sayıla bilməz”.
Xatırladaq ki, bir neçə gün öncə prezident Donald Tramp Türkiyəyə F-35-lərin veriləcəyini, onu bu mövqeyindən heç kimin döndərə bilməyəcəyini söyləmişdi. Media bildirirdi ki, bu, İsrailin baş naziri Benyamin Netanyahunun Türkiyə ilə bağlı tələbinə ABŞ liderinin cavabı idi. Belə çıxır ki, Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi sözü tuta bilmədi. Bu, iki ölkə arasında yeni gərginliyin yaranması səbəb olacaqmı? Sualın cavabı yəqin ki, yaxın günlərdə bilinəcək.
Turan Rzayev
Mənbə: globalinfo.az