Merkel zarafatın qurbanı oldu: Gizli etiraf - Minsk sazişləri Rusiya üçün tələ idi

Merkel zarafatın qurbanı oldu: Gizli etiraf - Minsk sazişləri Rusiya üçün tələ idi

Almaniyanın sabiq kansleri Angela Merkelin Minsk sazişlərinin əsas məqsədi ilə bağlı diqqətçəkən etiraf etdiyi iddia olunub.

Bu barədə məşhur rusiyalı prankerlər (başqalarını zarafatla aldadan, şou və ya zarafat (prank) edən şəxslər) Vovan (Vladimir Kuznetsov) və Leksus (Aleksey Stolyarov) "RİA Novosti"yə müsahibələrində bildiriblər.

Onların sözlərinə görə, Merkellə söhbət zamanı sabiq kansler Minsk sazişlərinin Rusiyanı aldatmaq və bu müddətdə Ukraynanı silahla təmin etmək üçün vaxt qazanmağa xidmət etdiyini etiraf edib.

Prankerlər bildiriblər ki, söhbət zamanı onlar özlərini Ukraynanın keçmiş prezidenti Petro Poroşenko kimi təqdim ediblər. Onların sözlərinə görə, danışığın təşkilinə bir neçə həftə hazırlıq aparılıb, əvvəlcə Merkelin ofisi ilə əlaqə saxlanılıb, daha sonra uzun elektron yazışmalar həyata keçirilib. İddialara görə, Merkel hətta şəxsi tərcüməçisini də danışığa cəlb edib və söhbətin məxfi saxlanılmasını xahiş edib.

Qeyd edək ki, Minsk sazişləri 2014 və 2015-ci illərdə Ukraynanın şərqindəki silahlı münaqişənin həlli məqsədilə imzalanmışdı. Son illərdə bir sıra Qərb siyasətçiləri bu razılaşmaların Kiyevə ordusunu gücləndirmək üçün vaxt qazandırdığını bəyan ediblər.

Vovan və Leksus isə dünya liderləri və tanınmış siyasətçilərlə telefon zarafatları təşkil etmələri ilə məşhurdurlar.

Müəllif: Adəm

Mənbə: publika.az