Bildirilib ki, qrupa kəşfiyyat məlumatlarının analizi, agentlərin cəlb edilməsi, kiberəməliyyatlar və təzyiq göstərmək üçün məxfi tədbirlər üzrə ixtisaslaşmış əməkdaşlar daxildirlər. Nəşr qeyd edir ki, bu qrupun yaradılması MKİ-yə həmin istiqamətə daha çox maliyyə, texniki və insan resurslarını operativ şəkildə yönəltmək imkanı verəcək.
"The New York Times" nəşrinin mənbələri bildirirlər ki, MKİ yeni əməliyyat qrupunun üzvlərinin Kuba siyasi elitasında parçalanma yaradacağına ümid edir. Bununla da, ABŞ-yə qarşı sərt mövqe tutanların Prezident Donald Trampın tələblərini daha çox nəzərə almağa hazır olan liderlərlə əvəzlənməsi planlaşdırılır.
"Bu niyyətlərdə təəccüblü heç nə yoxdur, çünki Kuba uzun müddətdir ki, terrorizm də daxil olmaqla, MKİ-nin casusluq, təxribat və vəziyyətin sabitliyini pozmaq səylərinin hədəfi olub. Buna baxmayaraq, Dövlət Departamenti öz qanuni özünümüdafiə hüququndan istifadə etdiyi üçün Kubanı təhlükə adlandırmaq cəsarətini tapır", - deyə respublikanın xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio qəzetə bildirib.
Bir müddət əvvəl "Politico" qəzeti də Vaşinqtonun son aylar ərzində Kubadakı kəşfiyyat imkanlarını artırdığını yazmışdı. Nəşrin mənbələrindən birinin sözlərinə görə, Vaşinqton administrasiyası Kuba rəhbərliyindən istənilən addımları əldə etmək üçün hər cür vasitələrdən, o cümlədən xüsusi xidmət orqanlarının fəaliyyətindən istifadə etməyə hazırdır.
Mənbə: oxu.az