ABŞ prezidenti Donald Tramp Respublikaçılar Partiyasında siyasi varisi ilə bağlı qərarını verib.
Bu barədə "The Washington Post" nəşri məlumatlı mənbələrə istinadən yazıb.
Tramp partiyanın əsas donorları ilə son görüşündə 2028-ci il prezident seçkilərində Respublikaçıların namizədi kimi hazırkı vitse-prezident Cey Di Vensi gördüyünü bildirib. Nəşrin yazdığına görə, prezidentə yaxın mənbələr Trampın qeyri-rəsmi şəkildə artıq öz seçimini etdiyini təsdiqləyiblər.
Bildirilib ki, Trampın Vensi seçməsi təsadüfi deyil. Ohayo ştatından keçmiş senator olan vitse-prezident Trampın siyasi xəttini davam etdirən yeni nəslin ən tanınmış simalarından hesab olunur və partiyanın mühafizəkar elektoratını birləşdirmək potensialına malikdir.
Qeyd olunur ki, Tramp əvvəllər dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent və daxili təhlükəsizlik naziri olmuş Kristi Noemi də mümkün namizədlər sırasında qeyd etsə də, son məlumata əsasən, əsas favorit məhz Vensdir.
Eyni zamanda, agentliyin məlumatına görə, Marko Rubio 2028-ci il prezident seçkiləri ilə bağlı ambisiyalarını ön plana çıxarmır və Vens namizədliyini irəli sürəcəyi təqdirdə ona mane olmayacağını bildirib.
Bununla belə, Trampın dəstəyi hələ rəsmi namizədlik demək deyil. Respublikaçılar Partiyasının prezidentliyə namizədi praymeriz yolu ilə (partiyalar üzrə ilkin daxili seçki) müəyyənləşdiriləcək. Lakin Trampın partiya daxilində böyük nüfuzunu nəzərə alsaq, onun dəstəyi Vensin şanslarını əhəmiyyətli dərəcədə artırır.
Müəllif: Adəm
Mənbə: publika.az