"Daily Mail" nəşri bu barədə Britaniya hökumətindəki yüksəkvəzifəli mənbələrə istinadən xəbər verib.
Nəşrin məlumatına əsasən, keçmiş York hersoqu xüsusi ehtiramla dəfn mərasimi nəzərdə tutulan kral ailəsi üzvlərinin qapalı hökumət siyahısında hələ də qalır. Qəzet qeyd edir ki, Britaniya hakimiyyəti kral ailəsi üzvlərinin dəfn mərasimləri üçün əvvəlcədən təfərrüatlı planlar, o cümlədən mərasimin keçirilməsi və dəfn yeri ilə bağlı hazırlıqlar görür.
Endryunun Vindzordakı Froqmor Kral Sərdabəsində dəfn edilə biləcəyi ehtimal olunur. Orada həmçinin amerikalı Uollis Simpsonla evlənmək üçün 1936-cı ildə taxtdan imtina edən VIII Eduardın məzarı yerləşir.
Xatırladaq ki, fevralın 19-da "Daily Mail" Britaniya polisinin amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ətrafında yaranmış qalmaqal fonunda Endryu Mauntbetten-Vindzoru həbs etdiyini xəbər vermişdi. Keçmiş şahzadənin ad günündə dövlət qulluğunda qeyri-münasib davranış şübhəsi ilə saxlanıldığı bildirilirdi.
Mənbə: oxu.az