Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi məsələsi noyabrın 11-də təşkilatın sammitində müzakirəyə çıxarıla bilər.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, KTMT-yə üzv ölkələrdən birinə qarşı mümkün məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərar təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının səlahiyyətinə daxildir.
Rusiya Federasiyasının KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev isə daha əvvəl Ermənistanın səsvermə hüququndan məhrum edilməsinin konsensus tələb etdiyini açıqlayıb.
Məsələnin əsas səbəblərindən biri Ermənistanın təşkilata üzvlük öhdəliklərini yerinə yetirməməsidir. Vasilyevin sözlərinə görə, Ermənistan KTMT-nin ümumi büdcəsinə 10 faizlik pay ödəməlidir, lakin bu öhdəliyi artıq iki ildir yerinə yetirmir.
KTMT-nin baş katibi Taаlatbek Masadıykov da Ermənistanın təşkilatın fəaliyyətində faktiki olaraq iştirak etmədiyini və üzvlük haqlarını ödəmədiyini bildirib. O, Ermənistanın səsvermə hüququndan məhrum edilməsinin müzakirə edildiyini təsdiqləyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə daha əvvəl Ermənistanın üzvlük haqqını ödəməməsi ilə bağlı təşkilat nizamnaməsində nəzərdə tutulan mexanizmlərin tətbiq oluna biləcəyini qeyd edib.
Akqabay
Mənbə: publika.az