Turistlərin İçərişəhərdəki “əl işləri” - Nəzarətə götürüldü+Video

Turistlərin İçərişəhərdəki “əl işləri” -

İçərişəhərin qala divarlarına bir qrup turist tərəfindən müxtəlif yazılar yazılaraq zərər verilib.

Bu barədə şəhər sakinləri müraciət edərək məlumat veriblər.

Video görüntülərdən də görünür ki, bəzi əcnəbilər tarixi abidənin divarlarına müxtəlif yazılar həkk ediblər.

Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, tarixi binalarla bağlı neqativ hal aradan qaldırılıb.

Qeyd olunub ki, İçərişəhər əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu canlı şəhər məkanı olub, bu gün də burada tarixi mühitlə müasir şəhər həyatının bir arada yaşaması vacibdir:

“Son günlər İçərişəhərin müəyyən hissəsində turistlər və gənclər tərəfindən divar üzərində müxtəlif xatirə yazılarının yazılması ilə bağlı fikirlər səsləndirilir.

Qeyd edək ki, yazıların olduğu səth istənilən vaxt təmizlənə və yenidən rənglənə bilən hissədir və bu yazılar tarixi irsə fiziki zərər vurmur.

Dünyanın müxtəlif şəhərlərində bu kimi hallar müşahidə olunur. Bu baxımdan, müəyyən edilmiş səth çərçivəsində yaranan spontan yazılara bir növ “art wall” - xatirə və ifadə divarı kimi yanaşmaq mümkündür.

Bununla yanaşı, tarixi abidələrə, qədim daşlara və autentik memarlıq elementlərinə hər hansı müdaxilə yolverilməzdir və ciddi nəzarətdə saxlanılır.

Hazırda məsələ polis və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən nəzarətə götürülüb. Binanın əsas yola çıxan fasad hissəsi isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təmizlənərək mövcud neqativ hal aradan qaldırılıb.

Məqsədimiz həm İçərişəhərin tarixi simasını qorumaq, həm də onu gənclərin və turistlərin özünü rahat hiss etdiyi canlı şəhər məkanı kimi yaşatmaqdır”.

Lamiyə Məmmədova

Mənbə: qafqazinfo.az