Türkiyədən önəmli Qara dəniz təklifi - Kiyevlə Moskva nə deyəcək?

Türkiyədən önəmli Qara dəniz təklifi -

Türkiyə Ukrayna və Rusiyaya gedən ticarət gəmilərini qorumaq üçün Qara dənizdə iki ayrı təhlükəsizlik dəhlizi yaratmağı təklif edə bilər.

Bu barədə “Yeni Şafak" qəzeti məlumat verib.
Məqalədə deyilir ki, Rusiya və Ukraynaya gedən ticarət gəmiləri üçün iki ayrı təhlükəsiz dəhliz yaradıla və həm Rusiya, həm də Ukrayna bu dəhlizlərə hücum etməmək öhdəliyini götürə bilər.
Bu fonda İran və Omanın müzakirə etdiyi Hörmüz boğazında təhlükəsiz marşrut nümunəsi əsas göstərilir. Belə ki, Tehranla Maskat arasında, İran və Oman sahilləri olmaqla iki dəhlizin yaradılması nəzərdə tutulur. Məqalə müəllifləri oxşar sxemin Qara dənizdə də tətbiq oluna biləcəyini düşünürlər.
Siyasi şərhçi Ramiyyə Məmmədova bildirib ki, Qara dənizlə bağlı səslənən təklifin həyata keçməsi mümkündür:
“Amma bu yalnız qarşılıqlı razılaşma əsasında baş tuta bilər. Ola bilsin qarşılıqlı razılaşma ilə gəmilər ayrılaraq hansısa bir marşurutlar üzərindən gedə bilərlər”.
Ancaq ekspertə görə, belə bir razılaşma olsa da, uzunmüddətli deyil, qısa müddətli monitorinq razılaşması olacaq:
“Bu razılaşma ilə hansısa bir yol cızıla bilər ki, onun üzərindən monitorinq keçirilsin”.
Buna rəğmən müsahibimiz qeyd edir ki, həmin gəmilərə kimlərin nəzarət edəcəyi, təhlükəsizliyini kimlərin qoruyacağı sual altındadır:
“Həm Ukrayna, həm Rusiya, həm də Türkiyə gəmilərin rahat hərəkətində maraqlıdır. Rusiya ixrac etdiyi enerji məhsullarının Rahat ixracını istəyir. Ukrayna da öz növbəsində Odessa limanından çıxan gəmilərin rahat gediş-gəlişinin təmin olunmasında maraqlıdır. Türkiyə də öz ərazisinə heç bir hərbi müdaxiləni istəmir”.
Həmsöhbətimizin fikrincə, problemlərdən biri odur ki, həmin gəmilərdə hansı malların daşınmasını tərəflərdən heç biri bilməyəcək:
“Belədə, hər bir tərəf hərbi vəsaitlərin daşındığından şübhələnə bilərlər. Nəticədə məsələ gərginləşə və gəmilər yenidən hədəfə çevrilə bilərlər”.
Rüfət Sultan

Mənbə: www.bakupost.az