İran Qara dənizə çıxış üçün hərəkətə keçdi - Zəngəzurda nəhəng layihə - VİDEO

İran Qara dənizə çıxış üçün hərəkətə keçdi - Zəngəzurda nəhəng layihə - VİDEO

İran şirkətləri Ermənistanın cənubunda, Zəngəzur bölgəsində strateji əhəmiyyət daşıyan Qacaran tunelinin tikintisinə başlayıblar.

7,2 kilometr uzunluğundakı tunel Ermənistanın Şimal–Cənub avtomobil yolunun ən mühüm və texniki baxımdan mürəkkəb hissələrindən biri hesab olunur.

Layihəni İranın “Abad Rahan Pars International Group” və “Tunnel Sadd Ariana” şirkətlərinin yaratdığı birgə müəssisə həyata keçirir. Layihənin ümumi dəyərinin təxminən 395 milyon dollar olduğu bildirilir. Tunellə yanaşı, ona birləşən təxminən 4 kilometrlik yolun tikintisi və yenidən qurulması da nəzərdə tutulub. İşlərin altı il ərzində tamamlanması planlaşdırılır.

Qacaran tuneli İran sərhədindən Ermənistan ərazisinə, oradan Gürcüstana və Qara dəniz limanlarına uzanan nəqliyyat xəttinin mühüm hissəsi olacaq. Layihənin reallaşdırılması İranın Qara dəniz regionuna və Avropa bazarlarına alternativ quru marşrutu ilə çıxış imkanlarını genişləndirəcək.

Tuneldə iki hərəkət zolağı və səkilər nəzərdə tutulub. Ümumi eni 10,6 metr olacaq tuneldə fövqəladə dayanacaq sahələri, təxliyə çıxışı, avtomatik ventilyasiya, işıqlandırma, yanğınsöndürmə, enerji təchizatı və idarəetmə sistemləri qurulacaq.

İran şirkətləri Zəngəzurda Qacaran–Aqarak avtomobil yolunun 32 kilometrlik hissəsində də iş aparırlar. Bu layihələr İran–Ermənistan–Gürcüstan–Qara dəniz nəqliyyat xəttinin imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qacaran tunelinin istifadəyə verilməsi ilə Ermənistanın tranzit imkanlarının artacağı, İranın isə Qara dənizə çıxış üçün daha əlverişli nəqliyyat bağlantısı əldə edəcəyi gözlənilir.

Mənbə: musavat.com