ABŞ Prezidenti Donald Trampın bu payız Şimali Koreya lideri Kim Çen Inla yenidən üz-üzə görüşmək istədiyi bildirilir.
Bu barədə “Wall Street Journal” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Tramp komandasına Kim Çen Inla mümkün görüşə hazırlaşmaq üçün təzyiq göstərir. ABŞ Prezidenti Kimin növbəti Asiya səfəri zamanı onunla görüşmək ehtimalını yaxın ətrafı ilə müzakirə edib.
Mümkün görüşün Trampın noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) Liderlər Görüşündə iştirakı çərçivəsində baş tuta biləcəyi bildirilir.
Məlumata görə, Tramp və Kim Çen In arasında görüşün təşkili ilə bağlı hələlik rəsmi hazırlıq prosesi başlamayıb.
Ağ Ev rəsmisi iki liderin “uyğun vaxtda” görüşəcəyini bildirib. Şimali Koreya tərəfi isə məsələ ilə bağlı hər hansı açıqlama verməyib.
Qeyd edək ki, Tramp bazar ertəsi günü verdiyi açıqlamada Kim Çen Inın görüşmək istəyinə cavab verdiyini təsdiqləyib. Lakin ABŞ Prezidenti cavabının məzmunu barədə ətraflı məlumat verməyib.
Tramp Şimali Koreya lideri ilə münasibətlərindən danışarkən Kim Çen Inın ona hər zaman böyük hörmətlə yanaşdığını və iki liderin bir-birini yaxşı başa düşdüyünü bildirib.
Trampın Kim Çen Inla mümkün görüşü ilə bağlı xəbərlər ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin azaldılması qərarından sonra gündəmə gəlib.
ABŞ prezidenti Pentaqona Cənubi Koreya ilə planlaşdırılan birgə hərbi təlimlərin miqyasını “əhəmiyyətli dərəcədə” azaltmaq göstərişi verib.
Tramp bu qərarı təlimlərin yüksək maliyyə xərcləri və Kim Çen Inla münasibətləri ilə əlaqələndirib.
Şimali Koreya isə uzun illərdir ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini Pxenyan əleyhinə mümkün hərbi əməliyyatlara hazırlıq kimi qiymətləndirir.
Xatırladaq ki, Donald Tramp və Kim Çen In Trampın ilk prezidentlik dövründə üç dəfə üz-üzə görüşüblər.
İlk görüş 2018-ci ilin iyununda Sinqapurda keçirilib. Bu, ABŞ və Şimali Koreya liderləri arasında tarixdə ilk üz-üzə görüş olub.
2019-cu ilin fevralında Vyetnamın paytaxtı Hanoyda keçirilən ikinci sammit isə Şimali Koreyanın nüvə proqramı və ABŞ sanksiyalarının aradan qaldırılması məsələlərində razılıq əldə olunmadan başa çatıb.
Həmin ilin iyununda Tramp və Kim Koreya yarımadasını iki yerə ayıran Demilitarizasiya Zonasında üçüncü dəfə görüşüblər.
Üç görüşə baxmayaraq, Pxenyanın nüvə proqramının dayandırılması ilə bağlı tərəflər arasında uzunmüddətli və konkret razılaşma əldə olunmayıb.
Mənbə: qafqazinfo.az