Tramp İrana qarşı misligörünməmiş iqtisadi müharibə elan etdi

Tramp İrana qarşı misligörünməmiş iqtisadi müharibə elan etdi
ABŞ Administrasiyası İrana qarşı misligörünməmiş iqtisadi müharibə və təcrid prosesinə başlayır.
Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" platformasında bəyan edib.

"İrana razılaşma əldə etmək üçün mənim qədər imkan yaradan ikinci bir şəxs olmayıb. Lakin təəssüf ki, onlar bu şansdan yararlana bilmədilər. Bu səbəbdən, bu gün mən hər hansı bir dövlətə qarşı indiyədək həyata keçirilmiş ən sarsıdıcı iqtisadi əməliyyatı elan edirəm! Bu, misilsiz miqyasda iqtisadi müharibə və təcrid olacaq", - deyə dövlət başçısı sərt bəyanat verib.

Tramp, həmçinin vurğulayıb ki, İrana dəstək verən dövlətlər də Birləşmiş Ştatlar tərəfindən ciddi iqtisadi fəsadlarla üzləşəcəklər:

"Onu da bəyan edirəm ki, öz maliyyə qurumlarına, müəssisələrinə, hava limanlarına və ya dövlət strukturlarına İrana hər hansı formada dəstək olmağa icazə verən hər bir ölkənin özü də nəhəng iqtisadi nəticələrlə qarşılaşacaq".

Ağ Ev rəhbəri İrana qarşı elan etdiyi iqtisadi müharibə və təcrid kampaniyasının başlanğıcını Müttəfiqlərin Normandiyaya desant çıxarması (İkinci Dünya müharibəsi zamanı - 6 iyun 1944-cü ildə ABŞ, Böyük Britaniya və Kanada qüvvələrinin Nasist Almaniyası tərəfindən işğal olunmuş Fransanın şimalına dənizdən hücum etməsi və Qərb cəbhəsini açmasıdır. Bu, "D Günü" kimi tanınır və 156 mindən çox hərbçinin iştirakı ilə tarixin ən böyük dəniz desant əməliyyatı olub) tarixi ilə müqayisə edib.

Dövlət başçısı sosial şəbəkə hesabında yazıb:

"Bu, iqtisadi baxımdan "D Günü" olacaq və İran təhlükəsini təcrid edərək məğlub etmək üçün bütün müttəfiqlərimizin ABŞ-nin yanında olması zəruridir. İran heç vaxt nüvə silahına sahib olmayacaq".

Mənbə: oxu.az