Putinin səfəri Yaponiyanı qarışdırdı - Cavab tədbiri görəcəklər

Putinin səfəri Yaponiyanı qarışdırdı -

“Yaponiya hökuməti Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərindən sonra Moskvaya qarşı mümkün cavab addımlarını ətraflı təhlil edir”.

“NHK” telekanalına istinadən xəbər verilir ki, adekvat tədbirlərin hazırlanması barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara məlumat verib.

Günün əsas diplomatik qalmaqalına çevrilən səfərlə bağlı Minoru Kihara ölkənin rəsmi mövqeyinin Baş nazir Sanae Takaiçi və Xarici İşlər naziri Tosimitsu Motegi tərəfindən bəyan edildiyini, səfir Akira Mutonun isə müvafiq məlumatı Rusiya tərəfinə çatdırdığını xatırladıb.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Baş nazirinin Rusiya liderinin səfəri ilə bağlı sərt bəyanatlarına görə yapon diplomata etiraz notası təqdim edib. Baş katib Minoru Kihara isə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sonrakı bəyanatı ilə bağlı hər hansı şərh verməkdən imtina edib.

Xatırladaq ki, bundan əvvəl Sergey Lavrov yapon tərəfinin Putinin adaya səfəri ilə bağlı bəyanatlarında “nəzakət sərhədlərini aşdığını” bildirmişdi. Rusiya XİN rəhbəri dövlət başçısının heç bir məhdudiyyət olmadan öz ölkəsinin hər bir hissəsinə səfər etmək hüququnun olduğunu vurğulayıb.

Mənbə: qafqazinfo.az