Uzun tətili müzakirə yaratdı

Uzun tətili müzakirə yaratdı

Almaniya Kansleri Fridrix Mertsin təxminən bir aydır ictimaiyyət qarşısına çıxmaması və uzunmüddətli tətili ölkə mediasında tənqid olunur.

“Qafqazinfo” xəbər verir ki, “Tagesschau” saytı Mertsin sonuncu dəfə iyulun 29-da ictimaiyyət qarşısına çıxdığını və həmin vaxt “Xoş istirahətlər, hələlik” deyərək fəaliyyətini dayandırdığını yazıb.

Bildirilir ki, əvvəlcə tətilin bir neçə gün davam edəcəyi qeyd edilib, amma təxminən dörd həftəyə qədər uzanıb.

Bu müddətdə Almaniyada güclü istilər, quraqlıq, meşə yanğınları və çaylarda su səviyyəsinin aşağı düşməsi kimi problemlər yaşanıb. Leypsiq-Halle hava limanında partlayıcı qurğu olduğu bildirilən dronun aşkarlanması da ölkədə diqqət çəkən hadisələrdən olub.

Merts bu müddətdə sosial media hesabları vasitəsilə bəzi açıqlamalar versə də, ictimai tədbirlərdə iştirak etməyib.

Mertsin uzun müddət görünməməsi avqustun 19-da Berlində keçirilən hökumət brifinqində də gündəmə gəlib.

Hökumət sözçüsünün müavini Sebastian Hille kanslerin kabinet üzvləri ilə müntəzəm əlaqə saxladığını və hökumət məsələləri ilə bağlı işini davam etdirdiyini bildirib: “Kansler və məzuniyyət anlayışları bir-biri ilə tam uyğun gəlmir. Çünki bir kansler heç vaxt məzuniyyətdə olmur”.

O əlavə edib ki, Merts digər ölkələrin dövlət və hökumət başçıları ilə də əlaqə saxlayır.

Mertsin uzunmüddətli yoxluğu Almaniya mediasında müzakirələrə səbəb olub. ZDF, NDR, “Stern”, “Spiegel” və “Zeit” kimi media qurumları kanslerin ölkədə yaşanan problemlər fonunda ictimaiyyət qarşısına çıxmamasını tənqid edib.

Mənbə: qafqazinfo.az