Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP layihəsi) çərçivəsində çəkiləcək dəmir yolunun ölkənin cənubunda sovet dövründə mövcud olmuş xətt üzrə keçəcəyini açıqlayıb.
Paşinyan bu barədə Ermənistan parlamentində hökumətin 2026-2031-ci illər üzrə proqramını təqdim edərkən danışıb.
Onun sözlərinə görə, dəmir yolu Nrnadzor-Aqarak istiqamətində, Ermənistanın cənub sərhədi boyunca Araz çayının sahili ilə uzanacaq. Bu xətt Ermənistanı Azərbaycan ərazisi vasitəsilə Rusiya və Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək. Aqarakdan yük qatarlarının Naxçıvana hərəkəti nəzərdə tutulur.
TRIPP layihəsi çərçivəsində Sünikdən keçən strateji tranzit marşrutunun yaradılması planlaşdırılır. Layihənin Ermənistanın yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcəyi və ölkənin suverenliyinə toxunmayacağı bildirilib.
Xatırladaq ki, TRIPP üzrə çərçivə sazişi 2026-cı ilin 26 may tarixində ABŞ və Ermənistan arasında İrəvanda paraflanıb, iyunun əvvəlində isə sənəd imzalanıb.
Mənbə: publika.az