İranla altı aya yaxın davam edən müharibə haqqında son vaxtlar belə bir fikir geniş yayılıb: Tehran ABŞ və İsrailin həftələrlə davam edən zərbələrinə tab gətirdi, hakimiyyətini qorudu, təslim olmadı və ən əsası, Hörmüz boğazındakı gəmiçiliyi təhdid etməklə dünya iqtisadiyyatına təzyiq imkanını əlində saxladı. Lakin müəllif hesab edir ki, bu nəticəyə gəlmək hələ tezdir.
CNN telekanalının apardığı təhlildə müharibənin artıq “dördüncü mərhələyə” keçdiyi və bu mərhələdə qüvvələr nisbətinin İranın əleyhinə dəyişməyə başladığı bildirilir.
Müəllif Brett MakGörkmüharibəni dörd mərhələyə ayırır. Birinci mərhələ fevralın 28-də başlayan və altı həftə davam edən intensiv hava zərbələri olub. İkinci mərhələ aprelin 7-də atəşkəs və danışıqlarla başlayıb, iyunun 17-də ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian arasında memorandumun imzalanması ilə yekunlaşıb. Üçüncü mərhələ isə İranın yenidən Hörmüz boğazında kommersiya gəmilərini hədəfə alması və qarşılıqlı hərbi zərbələrin bərpası ilə başlayıb.
Müəllifin fikrincə, dönüş iyulun ortalarından baş verib. ABŞ İran limanlarına qarşı hərbi blokadanı və neft ticarətinə sanksiyaları yenidən tətbiq edib. Eyni zamanda ABŞ hərbçiləri Hörmüzdən keçən ticarət gəmilərinin təhlükəsizliyini təmin etməyə və gəmiçilik yollarını açıq saxlamağa çalışırlar.
“Bloomberg”in məlumatına görə, boğazdan neft daşınması artıq müharibədən əvvəlki səviyyənin təxminən üçdə ikisinə çatıb. Enerji qiymətlərinin də gözlənildiyindən daha sabit qalması Tehranın Hörmüz vasitəsilə dünya iqtisadiyyatına təzyiq imkanlarını zəiflədir.
Təhlildə İran iqtisadiyyatının vəziyyətinə də diqqət çəkilir. Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, ölkə iqtisadiyyatı bu il 5 faizdən çox kiçilə, inflyasiya isə 70 faizə yaxınlaşa bilər. İran rialı ciddi dəyər itirib, əsas istehlak malları bahalaşıb. İran Əmək Nazirliyinin rəsmisinin hesablamasına görə, müharibənin ilk üç ayında bir milyondan artıq iş yeri itirilib.
Müəllif hesab edir ki, İranın əsas strateji silahlarından biri Hörmüz boğazında böhran yaradaraq neft və yanacağın qiymətini qaldırmaq, bununla da xüsusilə ABŞ-da siyasi təzyiqi artırmaq idi. Lakin hazırkı mərhələdə bu strategiya əvvəlki effektini vermir.
Tehranın yenidən eskalasiyaya gedə biləcəyi də istisna edilmir. İran Körfəz ölkələrinin enerji obyektlərinə hücumları artıra, Yəməndəki husilər isə İran raketləri və dronlarından istifadə etməklə Qırmızı dənizdə gəmiçiliyə təzyiq göstərə bilərlər.
Bununla belə, müəllif İranın “təzyiqlərə heç vaxt boyun əyməyəcəyi” fikrini də mübahisələndirir. Onun qənaətinə görə, hər bir tərəfin müəyyən “qırılma nöqtəsi” var:“İran Trampın qırılma nöqtəsini tapdığını düşünürdü. Tramp isə hələ İranınkını tapa bilər. Nəticə çıxarmaq üçün tezdir”.
Müəllifə görə, müharibənin sonu hələ görünmür. Ancaq hazırkı status-kvo, müharibə başlayandan bəri bəlkə də ilk dəfə, Tehranın deyil, Vaşinqtonun xeyrinə işləyir.
Mənbə: www.musavat.com