Ruhi Çenet yəhudilərlə bağlı filmi ABŞ-də ajiotaj yaratdı - Tramp hərəkətə keçdi (VİDEO)

Ruhi Çenet yəhudilərlə bağlı filmi ABŞ-də ajiotaj yaratdı -

Türkiyənin ən çox izlənən kontent yaradıcılarından biri olan Ruhi Çenet son sənədli filmi ilə yenidən diqqət mərkəzindədir. Bu dəfə Çenetin təyinat yeri ABŞ-nin mühüm mərkəzlərdən biri olan Nyu-Yorkdur.

Türkiyəli "YouTuber" sənədli filmində ABŞ-dəki Hasid Yəhudi icmasına diqqət yetirib. Çenetin Hasid yəhudilərinin həyatını əks etdirən təxminən 40 dəqiqəlik sənədli filmi müzakirələrə səbəb olub.

Tez bir zamanda böyük populyarlıq qazanan və 39 milyon baxış sayına çatan sənədli film, Hasid yəhudi həyat tərzinin təsviri ilə izləyiciləri təəccübləndirib.

Çünki onlar Nyu-Yorkun mərkəzində yaşayırlar, lakin müasir dünyadan tamamilə təcrid olunublar. Onlar smartfon və ya televizor istifadə etmirlər. İnterneti və ümumiyyətlə texnologiyanı "şeytanın ixtirası" kimi görürlər.

Film onların dini qaydalarını, ailə quruluşlarını və gündəlik həyatlarını birbaşa ortaya qoyur. Sənədli filmlə bağlı mübahisələrin digər bir aspekti isə Hasid yəhudilərinin aldığı ictimai dəstəkdir.

Sənədli filmi izləyən məşhur amerikalı internet strimeri və kontent yaradıcısı Asmongold, ABŞ-də vergi ödəyicilərinin pullarının sosial rifah proqramları vasitəsilə necə bölüşdürüldüyünə diqqət çəkib.

Orta hesabla 8-10 uşağı olan Hasid ailələri, yüksək doğum nisbətlərinə görə hökumət tərəfindən dəstəklənən vəsaitlərdən daha çox faydalanırlar.

Onlar ildə orta hesabla 75.000 ilə 100.000 dollar arasında dövlət yardımı ala bilərlər.

Asmongold kimi bir çox amerikalı vəziyyətə mənfi reaksiya verir və iddia edir ki, ödədikləri vergilər xarici dünyadan təcrid olunmuş və istehsala az töhfə verən bir icmanı maliyyələşdirir.

Hasid yəhudiləri seçkilərdə icma liderləri tərəfindən irəli sürülən namizədə blok şəklində səs verirlər.

Bütün bunlar baş verərkən, ABŞ Prezidenti Donald Tramp cümə axşamı Ağ Evdəki Oval Ofisdə ölkənin müxtəlif bölgələrindən olan aparıcı Hasid yəhudi dini liderlərini qəbul edib.

Yəhudi Yeni ili Roş Haşanadan əvvəl keçirilən görüş Ağ Ev tərəfindən 1979-cu ildən bəri bu səviyyədə ilk görüş kimi xarakterizə edilib.

Beləliklə, təxminən 47 ildən sonra Oval Ofisdə əlamətdar bir görüş baş tutub.

Qeyd edək ki, Hasid yəhudilər (və ya Hasidizm), XVIII əsrdə Şərqi Avropada (əsasən indiki Ukrayna ərazisində) yaranmış, Haredi (ultra-ortodoks) yəhudiliyin daxilində yer alan mistik və mühafizəkar bir cərəyandır. "Hasid" sözü ivrit dilində "dindar", "mömin" və ya "sadiq" mənasını verir.

Gülayə Mecid


Mənbə: unikal.az