Deputat Cavanşir Paşazadə qardaşı Şeyxülislam Allahşükür Paşazadənin özəl təyyarəsinin olması ilə bağlı iddialara münasibət bildirib.
Modern.az-a danışan deputat məsələ ilə bağlı məlumat paylaşdığı üçün ilahiyyatçı Elşad Miriyə təşəkkür edib.
“Mən bilmirəm Elşad Miri bunu nə məqsədlə paylaşıb, amma mən ona çox təşəkkür edirəm ki, belə bir məsələni xalqımıza çatdırır. O bununla, doğrudan da, Azərbaycan və Azərbaycan xalqının Türkiyə xalqının çətin günlərində də arxasında durduğumuzu bir daha xatırladıb. Şeyxülislam həzrətlərinin belə hərəkəti çox qənaətbəxşdir. Elşad Miri də bunu xalqın yadına salıb. Bizim qardaşlıq borcumuzdur ki, hər iki ölkə bir-birinin ərazisində olan problemlərdə bir-birinə dayaq olsun. Həmin dövrdə də qardaş ölkənin bir nümayəndəsi kimi şeyxülislam zəng edib, öz köməyini təklif edib”, - o deyib.
C.Paşazadə qeyd edib ki, Azərbaycandan bir başqa ölkə ilə danışanda “bizim” deyəndə Azərbaycan xalqının əmlakından, Azərbaycan xalqının adından danışılır: “Azərbaycanda olan təyyarələr, bəli, bizimdir. 50-yə yaxın təyyarəmiz mövcuddur. Ölkə olaraq, çox güclüyük. O danışanda “mən xahiş edərəm”, yaxud “mən təşkil edərəm” deyə bilər. Bunu dəstək kimi deyib”.
C.Paşazadə Şeyxülislamın özəl təyyarəsi olduğu barədə iddiaları qəbul etməyib: “Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər, bu, motosiklet deyil. Əgər varsa, dövlətdən öyrənin. Doğrudan da, Azərbaycan-Türkiyə qardaşlığı burada göstərilir. Hər birimiz imkanımız daxilində dəstəyə hazırıq. Söhbət bundan gedir. Başqa ölkədə tədbir olduqda dövlət şeyxülislam üçün təyyarə ayırır və öz kollektivi ilə lazımi şəkildə tədbirlərdə iştirak edir. Bu, dövlətin ona şəxsi yox, gördüyü işlər üçün yaratdığı şəraitdir. Bunu bütün Azərbaycan bilir”.
Qeyd edək ki, ilahiyyatçı Elşad Miri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin özəl təyyarəsinin olduğu ilə bağlı məlumat paylaşıb. O bu barədə Türkiyənin “Asırlık Gece” sənədli filminin 6-cı hissəsinə istinadla yazıb. Qqeyd edib ki, filmin 6-cı hissəsində Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri olan professor Mehmet Görmezin çevriliş günü Şeyxülislamın özəl təyyarəsini göndərmək istəməyindən danışılıb.
Mənbə: qafqazinfo.az