Paşinyanın "sehirli xalat"ı

Paşinyanın "sehirli xalat"ı

İndi ona daha çox zirehli jilet gərəkdir...

Ermənistanın baş naziri Nikol Paşinyan haqqında yazmaq daha maraqlı deyil. Amma yenə təkrarlamaqda fayda var ki, baş nazir bir həqiqəti anlamaqda ya çətinlik çəkir, ya da özünü qanmazlığa qoyur. Paşinyan mənsub olduğu xalqın nə mal olduğunu yaxşı bilsə də, özünü elə aparır ki, guya ermənilər Qafqazda çox fərqlidirlər, yüksək mədəniyyət və əxlaq daşıyıcılarıdır, demokratik cəmiyyətdə yaşamaq istəyi də lap babalarının genetikasından gəlir...

Yaxşılığa doğru kim dəyişmək istəməz ki? Amma erməni o sırada deyil. Son günlər yenə başlayıblar xəyali xəritələr yaymağa, tarixi saxtalaşdırmağa. Ermənistanın qonşuluğumuzda düşmən kimi qalmasını istəmirik, amma lap sülh müqaviləsi imzalalasalar belə, adam kimi adam olmaları çətindir. Rusiya prezidentinin “ya Avropa Birliyi, ya Avrasiya İttifaqı” üçün referendum israrının bir səbəbi də budur – erməniləri tanıyır...

Dəfələrlə vurğulamışıq ki, Ermənistanın “yarı-impotent” iqtisadi potensialı bir kənara, ermənilərin o ittifaqda nə işləri ola bilər? Aİ-ni qətiyyən ideallaşdırmırıq, bu təşkilat xüsusilə son illər özünü çox yıpradıb, bütün dəyərləri gözdən salıb. Bu ittifaq məkanında insan haqları ikili standart statusu qazanıb, iqtisadi geriləmə sürətlənib, sosial bərabərsizlik, milli zəmində ayrı-seçkilik artıb. Paşinyan bunları, əlbəttə ki, bilir. Amma erməni həyasızlığı burada da özünü göstərir. Özlərini Avropa ailəsinə üzvlüyü haqq edən ölkə və millət kimi göstərməyə çalışırlar.

Ermənistanın Avropa sammitinə ev sahibliyi etməsi nə deməkdir? - BBC News  Azərbaycanca

Yeri gəlmişkən, dövlət baba Ermənistanla bağlı siyasətdə sərbəstdir, biz qarışmırıq, çünki dövlətin bir sifəti olmur. Amma baxıram ki, bəziləri ermənilərlə yaxınlaşmağa, hətta iqtisadi əlaqələri bazar səviyyəsinə endirməyə, yəni alverə bir az daha çox meyl edirlər. Stop! Erməni dəyişməyib e, nə bazar, nə turşu-xiyar? Şəhidlərin qanı qurumayıb, bəlkə bu kirvəlik həvəsindən bir az yavaşlayaq...

Qafqazda Rusiyanın jandarmı rolunu oynayan, hər cür şeytanlığa təhrik edilən Ermənistanın, məsələn, Kremlin orbitindən çıxmaq istəməsi hələ onların ağıllanması demək deyil. O da həqiqətdir ki, nə qədər çox dartışsalar, düşmənçilik etsələr, bizim faydamızadır. İndi diqqətlər iki ölkə liderləri arasında Moskvada gözlənilən danışıqlara yönəlib. Məncə, Moskva görüşündə “ya o tərəflik, ya bu tərəflik” olacağı bir az şişirdilib. Paşinyan Avropa istəkləri ilə Avrasiya iqtisadi reallıqları arasında hələ vurnuxacaq, bunu yaxşı bacarır. Ermənistan KTMT-dən, Rusiya qoşunlarını da Gümrüdən çıxmalıdır. Amma bu addımlar hansısa iqtisadi və ya hərbi bloka “peşka”lıq etmək üçün atılırsa, bu, böyük qanmazlıqdır. Ona görə Ermənistan dövlət kimi tərəfsizliyini, neytrallığını elan etməlidir. Bu, Ermənistanın düşdüyü vəziyyətdən, tarixindəki ləkələri qismən olsa da təmizləmək üçün yeganə çıxış yolu kimi görünür. Seçkidən çox az vaxt keçməsinə baxmayaraq, Paşinyan hökumətinin nüfuzunun düşdüyü faktdır. Amma onun siyasətindən narazılığın artmasına baxmayaraq, ermənilərin əksəriyyəti Paşinyana alternativ olmadığını da görür, üstəlik, ciddi daxili siyasi təlatümlərə də hazır deyil.

Son günlər Paşinyanın göl kənarında çəkilmiş ağ xalatlı görüntüsü Ermənistanda çox müzakirə olunur. Paşinyan əcəba, nə demək istəyib?

Bəllidir ki, Paşinyan hakimiyyəti ilə kilsə və onun siyasi rəqibləri arasında qarşıdurma daha da kəskinləşib. Paşinyan isə ona ünvanlanan çoxsaylı xəyanət ittihamlarının fonunda özünü son dərəcə sakit göstərməyə çalışır. Guya ağ xalatı da həmin siyasi mesajın bir hissəsidir: “Nə qədər ittiham etsəniz də, ləkə götürmürəm...”

Paşinyanın hakimiyyəti haqqında Ermənistanda ən çox işlədilən siyasi metaforalardan biri ölkəni “batırması”dır. Paşinyan isə erməni cəmiyyətində gülüş doğuran bu fotoda həmin ittihama da sanki cavab vermək istəyib: “Ölkəni batırdığımı deyirsiniz, amma mən yaxşı üzürəm”.

Ölkənin siyasi sularının daha da çirkaba batdığı zaman da Paşinyan özünü həmin suların içində “boğulan” yox, onlardan rahatlıqla çıxan siyasətçi kimi təqdim edir.

Paşinyanın “sehirli xalatı” ona düşdüyü vəziyyətlərdən çıxmağa həmişə kömək edə bilməz. Axı o, zirehli jilet deyil...

Nazim SABİROĞLU

Mənbə: musavat.com