“Bəy Mamed” hasarladığı həyəti istirahət parkına çevirir - Foto

“Bəy Mamed” hasarladığı həyəti istirahət parkına çevirir - Foto

Səbail rayonu Əhəd Yaqubov küçəsi 17-də yerləşən “Ulubəy” MTK-nın inşa etdiyi “Yeni Şəhər” yaşayış kompleksinin həyətinin hasarlanması və burada MTK rəhbəri tərəfindən villa tikilməsi barədə vətəndaşların şikayətini yayımlamışdıq.

Sakinlərin verdiyi məlumata görə, MTK rəhbərliyi hasarlanan həyətin parka çevrilməsinə qərar verib.

Belə ki, yüzlərlə ailənin yaşadığı kompleksin həyətində hasarlanmış əraziyə tezliklə “Zəfər parkı”nın istifadəyə veriləcəyi barədə elanlar yerləşdirilib.

Bildirilib ki, MTK-nın sahibi, “Bəy Mamed” adı ilə tanınan iş adamı Məmməd İsmayılov ərazini özününküləşdirmək fikrindən vaz keçərək oranın sakinlərin istifadəsinə qaytarılmasına qərar verib.

Vətəndaşlar bildiriblər ki, hazırda həyətin hasarları olduğu kimi qalır. Bu isə sakinlərin rahat gediş-gəlişini pozmaqla yanaşı, uşaq arabalarının, velosipedlərin hərəkətinə də mane olur.

Bundan başqa, binanın 1-ci mərtəbəsində yerləşən “Mavi dəniz” restoranından yüksələn səs-küyün 3-4 gün kəsildiyi, lakin sonradan bərpa edildiyi, liftlərin quraşdırılmaması, su çəninin təmizlənməməsi, əhaliyə aid ərazinin şlaqbaumla məhdudlaşdırılması, restoranın havalandırma sistemindən xoşagəlməz qoxunun yayılması və digər problemlərin hələ də qaldığı vurğulanıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyi sorğumuza cavab olaraq bildirmişdi ki, qeyd edilən ünvandakı problemlərdən məlumatlıdırlar və şirkət rəhbərliyinə xəbərdarlıq edilib.

Aslan Vəliyev






Mənbə: qafqazinfo.az