Azərbaycanlıların farsdandönmə xalq olduğunu kimlər iddia edirdilər? - Tarixçi AÇIQLADI

Azərbaycanlıların farsdandönmə xalq olduğunu kimlər iddia edirdilər? - Tarixçi

"Azərbaycan tarixi sovet dövründə təhrif olunaraq yazılıb".

Bunu tarix elmləri doktoru Həsən Həsənov "Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminarda bildirib.

O qeyd edib ki, 1924-cü ildə sovet tarixçilərinin yazdıqları "faktlar" Azərbaycan tarixinin sonrakı təqdimatına ciddi təsir göstərdi:

"Azərbaycanı elə bir formada təqdim etdilər ki, müasir Azərbaycan dövlətinin əhalisinin türk mənşəli olması məsələsi arxa plana keçdi, əvəzində Azərbaycan əhalisinin fars mənşəli olması ilə bağlı yanaşma irəli sürüldü. Yəni müasir Azərbaycan adı altında farsdan dönmə bir xalqın formalaşdığı iddia edildi.

1925-ci ildə isə başqa bir tarixçi Atropatenanın Makedoniya imperiyasının süqutundan sonra yarandığını əsaslandırmağa çalışdı. Bu yanaşmada Atropatın fars olduğu, torpağın fars torpağı, əhalinin isə fars olduğu fikri irəli sürülürdü. Beləliklə, Azərbaycan tarixinin müəyyən bir konsepsiyası belə formalaşdırıldı.

1961-ci ildə isə öz tarixçilərimiz tərəfindən Azərbaycan tarixi yazıldı. Orada da belə bir fikir irəli sürülürdü ki, müəyyən dövrə qədər Azərbaycanın əhalisi farsdilli olub və biz fars dilində danışmışıq.


1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Bundan sonra da bu məsələ ətrafında mübahisələr davam etdi. Çünki Azərbaycanın dövlətçilik tarixini araşdırarkən mənbələrə söykənmək lazımdır. Əgər müəyyən dövrdə Azərbaycan haqqında danışırıqsa, həmin dövrün mənbələrində hansı adların, hansı dövlətlərin və hansı xalqların mövcud olduğunu ayrıca araşdırmaq lazımdır.

Eyni məsələ farslar və ermənilər haqqında da keçərlidir. Müasir anlayışları qədim dövrlərə olduğu kimi köçürmək olmaz.

Çünki həmin dövrlərdə bugünkü milli dövlət və milli kimlik anlayışları indiki formada mövcud deyildi", - deyə tarixçi qeyd edib.

Mənbə: bizim.media