ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiya ərazisinə zərbələr endirmək üçün "Starlink" sistemindən istifadə məsələsini "SpaceX" şirkətinin rəhbəri İlon Maskla müzakirə etməyi tövsiyə edib.
Bu barədə "Newsmax" jurnalisti Nayya Sacaya “X” sosial şəbəkəsində məlumat yayıb.
Jurnalistin sözlərinə görə, Tramp Zelenskiyə “Bu barədə İlonla danışmalısınız” deyib.
Qeyd edək ki, Tramp və Zelenski çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasının kuluarında görüşüblər. Görüşün qapalı hissəsindən əvvəl jurnalistlərin iştirakı ilə keçirilən qısa açıqlama zamanı Tramp təşəbbüsü ələ alaraq Zelenskinin suallara cavab verməsinə imkan verməyib. Ukrayna prezidenti yalnız ABŞ tərəfinə təşəkkürünü bildirib və münaqişəni qışa qədər başa çatdırmaq istədiklərini deyib.
Görüşün qapalı hissəsi təxminən 40 dəqiqə davam edib.
Avqustun sonunda isə “Kyiv Independent” nəşri mənbələrinə istinadən İlon Maskın Ukraynanın "Starlink"dən Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadəsinə icazə verilməsinə hələ də qarşı çıxdığını yazıb.
Müəllif: Adəm Abbaslı
Mənbə: publika.az